Mingəçevirdə su təchizatı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirildi -FOTO – VİDEO
Son günlər sosial şəbəkələrdə Mingəçevirdə suyun təzyiqinin zəif olması və şəhərin bəzi ərazilərinə suyun çatmaması ilə bağlı məlumatlar yayılıb. Məsələ ilə bağlı Mingəçevir şəhər Sukanal İdarəsi açıqlama verib.

Məlumata görə, idarə hazırda 33 min abonentə xidmət göstərir. Şəhərin içməli su təchizatı Mingəçevir su anbarından götürülən xam suyun təmizləyici qurğulardan keçirilməsi ilə təmin olunur. Burada sutkada təqribən 45 min kubmetr su filtrlərdən keçir, xlorlanaraq tam təmizlənir və daha sonra 10 min kubmetrlik Mingəçevir mərkəzi su anbarına ötürülür. Oradan isə öz axımı ilə əhalinin istifadəsinə verilir.

Şikayətlər və araşdırmalar
Xüsusilə şəhərin sağ sahil ərazisində bəzi sakinlər suyun təzyiqinin aşağı olması ilə bağlı şikayətlər səsləndiriblər. Bununla əlaqədar olaraq Samux küçəsi, hündürmərtəbəli binalar, həyət evləri və qəbiristanlıq ərazisində yoxlamalar aparılıb. Sakinlərin sözlərinə görə, bir müddət əvvəl suyun təzyiqi həqiqətən aşağı olub. Lakin hazırda vəziyyət normallaşıb və ciddi problem müşahidə olunmur.

Qeyri-qanuni qoşulmalar əsas səbəb olub
Mingəçevir Sukanal İdarəsinin rəisi Elmar Əhmədov bildirib ki, suyun təzyiqinin zəifləməsinə əsas səbəb xətlərə çoxsaylı qanunsuz qoşulmalar olub. Bu, həm su itkisinə, həm də əhalinin su təchizatında fasilələrə gətirib çıxarıb:
“Araşdırmalar nəticəsində qanunsuz qoşulmalar aşkarlanaraq xətdən ayrıldı. Bundan sonra suyun təzyiqi normaya düşdü. Hal-hazırda manometr göstəricilərinə əsasən təzyiq 3,5 atmosfer təşkil edir ki, bu da normal göstəricidir,” – deyə idarə rəisi qeyd edib.

Qonşu kəndlər də su ilə təmin olunur
Bundan əlavə, Mingəçevir Sukanal İdarəsi təkcə Mingəçevir şəhərinə deyil, həm də Yevlax rayonunun Havarlı, Hacıselli və Marzılı kəndlərinə su xidmətləri göstərir. İdarənin balansında olan 3 nasos stansiyası fasiləsiz rejimdə işləyir və onların sazlığı daim nəzarətdə saxlanılır.

Beləliklə, yayılan məlumatların əksinə olaraq, Mingəçevirdə su təchizatı ümumilikdə normal rejimdə davam edir. Əvvəl yaşanan təzyiq problemi isə qanunsuz qoşulmaların aşkarlanıb aradan qaldırılması ilə həll olunub.
Esmira Hidayətova, Mingəçevir
Salam mən özüm Mingəçevir sağ sahildə yaşayıram, hər hansısa bir problem olmayıb su ilə bağlı , 24 saat suyumuz gəlir çox şükür