Mingəçevirdə şəhid ailələrinə diqqət – xeyir-şər mağarı istifadəyə verildi
Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin işçiləri tərəfindən A.Məmmədov küçəsi 16 saylı binanın qarşısındakı xeyir-şər mağarında aparılan təmir işləri uğurla yekunlaşdırılmışdır. Təmir işləri şəhid ailəsinin müraciətinə əsasən həyata keçirilmiş və mağarın istifadəyə verilməsi üçün hər detal diqqətlə planlaşdırılmışdır.

Açılış mərasimi Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılov, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi Ramis Hüseynov, şəhər bələdiyyəsinin sədri Anar İsmayılov, şəhid ailələri və şəhər sakinlərinin iştirakı ilə keçirilmişdir. Mərasimdə mağara baxış keçirilmiş və istifadəyə verildikdən sonra ictimaiyyət tərəfindən böyük məmnuniyyətlə qarşılanmışdır.

Şəhid ailələri mağarın təmir olunması və istifadəyə verilməsi üçün göstərilən diqqət və qayğıya görə şəhər rəhbərliyinə dərin minnətdarlıq bildirib. Onlar xüsusilə qeyd ediblər ki, mağar üçün İcra Hakimiyyəti tərəfindən təmin edilən hər cür məişət avadanlıqları və digər dəstək, sosial məsuliyyət nümunəsi kimi böyük əhəmiyyət daşıyır.

Şəhid ailələri cəmiyyətinin sədri əlavə olaraq bildirdi:
“Bu təşəbbüs yalnız bir təmir işindən ibarət deyil, eyni zamanda dövlətin və şəhər rəhbərliyinin şəhid ailələrinə göstərdiyi qayğı və diqqətin əyani nümunəsidir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin Başçısı İlham İsmayılovun və idarə heyətinin fəaliyyətini yüksək qiymətləndiririk. Biz, şəhid ailələri cəmiyyəti olaraq, bu diqqətə görə dərin təşəkkürümüzü bildiririk və ictimaiyyətin diqqətinə çatdırırıq ki, belə təşəbbüslər cəmiyyətimiz üçün böyük mənəvi dəstəkdir.”
Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun şəhid ailələrinə göstərdiyi diqqət və qayğı, şəhərdə sosial məsələlərin həllində nümunəvi addım kimi vurğulanır və ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Bu təşəbbüs şəhərin sosial siyasətində şəhid ailələrinin həmişə diqqət mərkəzində olduğunu bir daha sübut etmişdir.
Esmira Hidayətova, Mingəçevir