Məqsəd – bilikli və vətənpərvər gənclər yetişdirməkdir

InShot_20250925_204328359

25 sentyabr 2025-ci il tarixində Mingəçevir şəhər 18 nömrəli tam orta məktəbdə 4-cü siniflərdə dərnəklərin təşkili ilə bağlı iclas keçirilib. İclasda sinif müəllimləri və məktəb rəhbərliyi iştirak edib. Toplantıda şagirdlərin maraq və istedadlarının inkişaf etdirilməsi, dərnəklərin düzgün istiqamətdə formalaşdırılması məsələləri müzakirə olunub.

Elə həmin gün valideynlərlə də görüş təşkil edilib. Onlara dərnəklərin əhəmiyyəti, uşaqların dərsdənkənar fəaliyyətlərdə iştirakının faydaları barədə ətraflı məlumat verilib. Məktəb–valideyn əməkdaşlığının gücləndirilməsi istiqamətində addımların davam etdiriləcəyi vurğulanıb.

2024–2025-ci tədris ilində uğurlar

Məktəbin 2024–2025-ci tədris ilində məzunları ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək uğurlar siyahısına yeni səhifə yazıblar.

  • Şagirdlərdən Süleymanzadə Yusif 661 bal toplayaraq Qarabağ Universitetinə,
  • Məmmədova Nəzrin isə 613 bal toplayaraq Azərbaycan Dövlət Universitetinə qəbul olub.

Bu nailiyyətlər məktəbin tədris mühitində yüksək keyfiyyətin, müəllimlərin fədakar əməyinin və şagirdlərin zəhmətinin bariz göstəricisidir.

Ümumilikdə, 500-dən yuxarı bal toplayan şagirdlərin sayı 8 nəfər təşkil edib. 400–500 arası bal yığanların sayı isə 7 nəfər olub. Cəmi 33 nəfər məzun ali məktəblərə qəbul olaraq məktəbin adını uğurla təmsil edib.

 

Bundan başqa, 19 nəfər şagird fərqlənmə attestatı ilə məzun olub. Onlardan 2 nəfər 9-cu sinfi, 17 nəfər isə 11-ci sinfi yüksək nəticələrlə bitirib.

 

 

Tədrisin keyfiyyətinə diqqət

Məktəbdə yalnız uğurlar qeyd edilmir, həm də tədrisin keyfiyyətinin artırılması istiqamətində davamlı işlər görülür. Dərslərin planlı təşkili diqqət mərkəzində saxlanılır, şagirdlərin bilik və bacarıqlarının inkişafı üçün tədbirlər həyata keçirilir.

Xüsusilə dördüncü siniflərdə aparılan monitorinqlərin nəticələrinə əsasən zəif nəticə göstərən şagirdlərin biliklərinin artırılması üçün valideynlərlə görüşlər keçirilib. Valideynlər mütəmadi məlumatlandırılır və məktəb–valideyn əməkdaşlığı möhkəmləndirilir.

 

Bundan əlavə, dərnək rəhbərləri ilə görüşlər təşkil olunub, şagirdlərin maraq və bacarıqlarını inkişaf etdirmək üçün əlavə məşğələlərə start verilib.

Mingəçevir şəhər 18 nömrəli tam orta məktəbin kollektivi tədrisin keyfiyyətini daha da yüksəltməyi, gələcəkdə də yüksək nəticələrə imza atmağı, savadlı, bilikli və vətənpərvər gənclər yetişdirməyi qarşısına məqsəd qoyub.

Esmira Hidayətova, Mingəçevir