İlham İsmayılov: Mingəçevirdə təmirsiz bina qalmayacaq

IMG-20250925-WA0068

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun vətəndaşlarla növbəti səyyar görüşü sentyabr ayının 25-də U.Hacıbəyli adına musiqi məktəbinin akt zalında keçirilib.

Görüşdə şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhər polis şöbəsinin rəisi, müxtəlif küçələrdən gələn sakinlər, idarə və müəssisələrin rəhbərləri, eləcə də mətbuat nümayəndələri iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamların icrası nəticəsində Mingəçevirdə də geniş abadlıq-quruculuq işlərinin aparıldığını bildirib.

O qeyd edib ki, şəhərdə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün nümunəvi məhəllələr salınıb, uşaqlar və gənclərin sağlamlığı üçün idman meydançaları istifadəyə verilib, işıqlandırma nöqtələrinin sayı artırılıb, küçə və prospektlərdə asfaltlama işləri aparılıb.

 

İcra başçısı həmçinin vurğulayıb ki, yaxın illərdə Mingəçevirdə təmirsiz bina qalmayacaq. Onun sözlərinə görə, mərhələli şəkildə bütün binalar təmir olunacaq və bu işlər şəhərin ümumi simasının daha da gözəlləşməsinə xidmət edəcək. Bununla yanaşı, işsizliyin azaldılması məqsədilə sənaye parkının genişləndirilməsi istiqamətində mühüm layihələrin hazırlandığını da diqqətə çatdırıb.

Çıxış edən sakinlər şəhərdə həyata keçirilən abadlıq-quruculuq və əsaslı təmir işlərinə görə ölkə Prezidentinə və yerli rəhbərliyə minnətdarlıqlarını bildiriblər. Onlar mövcud problemlərdən də söz açıblar.

Sakinləri diqqətlə dinləyən İcra Hakimiyyətinin başçısı müvafiq qurumların rəhbərlərinə problemlərlə yerində tanış olmaq və qısa müddət ərzində həllini təmin etmək barədə tapşırıq verib. İlham İsmayılov qeyd edib ki, təsdiqlənmiş tədbirlər planına uyğun olaraq Mingəçevirin gözəlləşməsi və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək.

Sonda icra başçısı sakinlərdən xahiş edib ki, yaradılan gözəllikləri qorumağa, abadlıq işlərinə diqqətlə yanaşmağa öz töhfələrini versinlər.

Esmira Hidayətova, Mingəçevir 

Bolge.az