Mingəçevirdə 27 Sentyabr – Anım Gününə Həsr Olunmuş Ehsan Süfrəsi Təşkil Olundu
Mingəçevirdə 27 Sentyabr – Anım Günü münasibətilə vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinə “Xarı bülbül” şadlıq sarayında ehsan süfrəsi təşkil olunub. Tədbir Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib.

Mərasimdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Mingəçevir şəhər təşkilatının sədri, şəhər bələdiyyəsinin sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, din xadimləri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və müharibə veteranları ilə yanaşı, Mingəçevir Dövlət Universitetinin rəhbərliyi də iştirak edib.

Əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra Mingəçevir “Heydər” məscidinin imam müavini Müşfiq Nəcəfov şəhidlərin ruhuna dualar oxuyub, Qurani-Kərimdən ayələr səsləndirilib.

Çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı tarixidir:

“Şəhidlərimiz və qazilərimiz bizim qürur mənbəyimizdir. Dövlətimiz tərəfindən Vətən uğrunda canını fəda edən hər bir şəhidin xatirəsi daim yüksək tutulur.

Möhtərəm Prezidentimizin imzaladığı sərəncama əsasən 27 Sentyabrın Anım Günü kimi qeyd olunması şəhidlərimizə və onların doğmalarına olan ali ehtiramın bariz nümunəsidir. Bu tarix xalqımızın yaddaşından heç vaxt silinməyəcək”.

Şəhid ailələrinin üzvləri və qazilər dövlət rəhbərliyinin daim onlara göstərdiyi diqqət və qayğını yüksək qiymətləndirib, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.


Esmira Hidayətova, Mingəçevir