Mingəçevirdə şəhidin xatirəsinə ehsan bulağı istifadəyə verilib

InShot_20251006_083636375

Şəhid Xəyal Canbaxışovun adı Mingəçevirdə bulaqla əbədiləşdi

Mingəçevirdə 20 yaşlı şəhid Xəyal Canbaxışovun xatirəsinə inşa olunan ehsan bulağının açılış mərasimi keçirilib.
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olan 2003-cü il təvəllüdlü Canbaxışov Xəyal Xeyrulla oğlunun adı bu bulaqla əbədiləşdirilib.

Tədbirdə şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib

Açılış mərasimində şəhidin ailə üzvləri, şəhid anaları, Şəhid Anaları Cəmiyyətinin sədri İranə Həsənova, ilahiyyatçılar Cavid və Pünhan, Mingəçevir Dövlət Universitetinin baş müəllimi İlhamə İsmayılova və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Öncə torpaqlarımızın bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra ilahiyyatçılar şəhidlərin ruhuna dualar oxuyub, onlara Allahdan rəhmət diləyiblər.

Şəhidin igidliyindən danışılıb

Tədbirdə çıxış edən 11 saylı tam orta məktəbin direktoru Yasin Cavadov bildirib ki, istər birinci Qarabağ müharibəsində, istərsə də Aprel döyüşləri və 44 günlük Vətən müharibəsində saysız-hesabsız qəhrəman oğullarımız canlarını vətən uğrunda fəda ediblər.

“Bu qəhrəmanların həyat və döyüş yolu formalaşmaqda olan nəsil üçün örnəkdir. Hər birimiz dövlətimizin həyata keçirdiyi vətənpərvərlik ideologiyasının daşıyıcısı olmalıyıq,” – deyə direktor vurğulayıb.

Məktəbin şagirdləri də tədbirdə çıxış edərək, söylədikləri şeirlərlə şəhid Xəyal Canbaxışovun xatirəsini ehtiramla anıblar.

Qəhrəmanlıq yolu və təltif

Xəyal Canbaxışov 19 sentyabr 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunun Paprəvənd kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin sərəncamına əsasən, o, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Xeyriyyəçiliyin nümunəsi

Şəhidin adına tikilən bulaq iş adamı Vüsal Əlibəylinin xeyriyyəçiliyi nəticəsində ərsəyə gəlib. Açılış mərasimindən sonra şəhidin xatirəsinə ehsan süfrəsi də təşkil olunub.

Esmira Hidayətova, Mingəçevir