MDU – Uğura Aparan Yol
Ölkəmizin dördüncü ən böyük şəhərində yerləşən Mingəçevir Dövlət Universiteti (MDU) son illər uğurlu inkişaf yolu keçməkdədir. Yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və gənclərin hərtərəfli inkişafına yönəlmiş fəaliyyət universitetin nüfuzunu artırmaqdadır.

Rektor Anar Eminovun peşəkar bilik və təcrübəsinə əsaslanaraq həyata keçirdiyi islahatlar, tələbələrlə mütəmadi keçirilən görüşlər bu uğurların əsas səbəblərindəndir. Belə görüşlərdə tələbələrin təşəbbüskarlığı, yaradıcılığı və ictimai fəallığının dəstəklənməsi diqqət mərkəzində olur. Bu isə gəncləri universitetin ictimai və sosial həyatında daha fəal olmağa ruhlandırır.

Rektor Anar Eminov görüşlər zamanı qeyd edir ki, “tələbəlik illəri yalnız akademik bilik qazanmaq dövrü deyil, həm də şəxsiyyətin formalaşdığı, liderlik və komanda bacarıqlarının inkişaf etdiyi ən dəyərli həyat mərhələsidir.”
Son altı ayda MDU-da bir çox sahələrdə nəzərəçarpacaq nəticələr əldə olunub. Universitetin qarşıya qoyduğu məqsədlər, tələbələrin bilik və bacarıqlarının artırılması üçün xarici universitetlərlə qurulan əməkdaşlıqlar, şəffaf idarəetmənin təmin olunması təhsil mühitinə yeni nəfəs gətirib.

Valideynlər də MDU-da aparılan yenilikləri yüksək qiymətləndirir. Onların sözlərinə görə, “Anar Eminova qədər universitet bu qədər tanınmırdı. İndi isə yüksək balla nəticə göstərən abituriyentlər burada təhsil almağa can atır.” Valideynlər həmçinin bildiriblər ki, “vəzifə insanı şərəfli etməz, insan vəzifəni şərəfli edər.”
Bu il Mingəçevir Dövlət Universiteti bakalavriat səviyyəsinə tələbə qəbulu göstəricilərində rekord nəticə əldə edib. 2025/2026-cı tədris ilində MDU-ya qəbul olan tələbələrin sayı qəbul planının 97 faizini təşkil edib. Xüsusilə II və III ixtisas qrupları üzrə plan yerləri tam olaraq 100 faiz dolub.

Yaxın günlərdə isə MDU-dan daha bir sevindirici xəbər gözlənilir…
Esmira Hidayətova, Mingəçevir