Ağdaşda ilk dəfə “Heyva Festivalı” keçirildi
Rayonun mədəni və iqtisadi həyatına yeni nəfəs gətirən tədbir.

Ağdaş rayonunda ilk dəfə olaraq “Heyva Festivalı” təşkil olunub. Rəngarəng tədbir rayonun ictimai və mədəni həyatında əlamətdar hadisəyə çevrilib. Festivalda Ağdaş Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələri, eləcə də ictimaiyyət fəalları iştirak ediblər.

Açılış mərasimində rayonun inkişafı və festivalın rolu vurğulandı
Şəhərin mərkəzi – Heydər Əliyev meydanında baş tutan açılış mərasimində çıxış edən natiqlər festivalın keçirilməsinin əhəmiyyətini qeyd edərək, bu təşəbbüsün həm yerli sahibkarların, həm də kənd təsərrüfatı istehsalçılarının inkişafına töhfə verəcəyini bildiriblər. Çıxışlarda “Heyva Festivalı”nın rayonun turizm potensialının artırılmasına, mədəni dəyərlərin tanıdılmasına və iqtisadi fəallığın güclənməsinə xidmət etdiyi vurğulanıb.

Ənənə və müasirlik bir arada
Festival çərçivəsində yerli heyva məhsulları, müxtəlif kulinariya nümunələri, dulusçuluq, keramika, xalçaçılıq, dekorativ toxuculuq, eko-art və ebru sənəti nümayiş etdirilib. Ziyarətçilər yerli ustaların əl işlərinə, sənət nümunələrinə böyük maraq göstəriblər. Körpələr evi və uşaq bağçalarının balaca sakinləri tərəfindən hazırlanan bədii kompozisiyalar isə tədbirə xüsusi rəng qatıb.

Yeniliklər və texnologiyalar da diqqət mərkəzində idi
Festivalda həmçinin robot texnikası, STEAM layihələri, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin sərgiləri, floristika və rəsm guşələri təqdim olunub. İdmançılar və kəndirbazların çıxışları, sahibkarlıq subyektlərinin sərgilədiyi məhsullar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Bu, festivalın təkcə mədəni deyil, həm də maarifləndirici və innovativ xarakter daşıdığını göstərib.

Qonaqlar və konsert proqramı ilə yekunlaşan tədbir
Festivalda Türkiyədən gələn qonaqlar da iştirak ediblər. Onlarla yanaşı, Mingəçevir şəhərindən olan ziyalı xanımların da festivala qatılması tədbirə xüsusi dəyər qatıb. Gün boyu davam edən bayram əhval-ruhiyyəli festival axşam saatlarında musiqili-konsert proqramı ilə yekunlaşıb və iştirakçılara unudulmaz anlar yaşadıb.

Esmira Hidayətova, Ağdaş