Zəfər bayramı Mingəçevirdə: Şagirdlərin qəhrəmanlıq yürüşü

InShot_20251101_104533776

Mingəçevir şəhərində Zəfər bayramı ərəfəsində xüsusi tədbirlər davam edir. Bu münasibətlə Mingəçevir Texniki və Humanitar Fənlər Liseyində ibtidai sinif şagirdləri arasında hərbi parad təşkil olunub.

Tədbirdə liseyin şəhid məzunlarının ailələri, qazilər və valideynlər iştirak edərək bayram əhval-ruhiyyəsini paylaşmışlar. Hərbi parad zamanı şagirdlər Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığını, vətənə bağlılığını simvolizə edən xüsusi yürüş nümayiş etdiriblər.

Bununla yanaşı, tədbirin bədii hissəsi də böyük maraqla qarşılanıb. Şagirdlər hazırladıqları kompozisiyalarla xalqımızın qəhrəmanlıq tarixini, şəhidlərimizin xatirəsini və Vətənə sevgini diqqətə çatdırıblar. Rəngarəng musiqi, hərbi marşlar və səhnə performansları iştirakçılarda dərin təəssürat yaradıb.

Zəfər bayramı yalnız hərbi qələbənin qeyd edilməsi deyil, eyni zamanda vətənpərvərlik ruhunun ucaldılması, gənc nəsillərin tarixi dəyərlərə hörmət ruhunda tərbiyə olunması kimi ənənələri yaşatmaq üçün də əhəmiyyətli gündür. Mingəçevirdə bu cür tədbirlər hər il böyük coşqu ilə keçirilir, şəhər sakinlərini bir araya gətirir və milli həmrəyliyi gücləndirir.

Esmira Hidayətova, Mingəçevir