Mingəçevirdə küçə itləri təhlükə saçır: Hər gün 7-8 nəfər dişlənir

InShot_20251103_205059793

Mingəçevirdə küçə itlərinin sayı günbəgün artmaqdadır. Şəhər sakinləri bu vəziyyətdən ciddi narahat olduqlarını bildirirlər. Küçələrdə sərbəst dolaşan itlər təkcə gecələr deyil, gündüz saatlarında da insanlara hücum edirlər.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından Aran Mediaya verilən məlumata görə, son günlər it dişləməsi halları kəskin şəkildə artıb. Təkcə bir gün ərzində 7-8 nəfərə it dişləməsinə qarşı vaksin vurulur. Zərərçəkənlər arasında azyaşlı uşaqlar da var.

Həkimlər bildirirlər ki, it dişləməsi ilə bağlı müraciətlərin əksəriyyəti şəhərin müxtəlif məhəllələrindən gəlir. Bu da göstərir ki, küçə heyvanlarına nəzarət faktiki olaraq yoxdur.

Sakinlər aidiyyəti qurumları – Mingəçevir Şəhər İcra Hakimiyyətini və Baytarlıq Xidmətini tədbir görməyə çağırırlar. Onların sözlərinə görə, bu məsələ artıq təhlükəsizlik problemidir və şəhərdə azyaşlıların həyatı risk altındadır.