Mingəçevirdə sakinlərlə səyyar görüşlər davam edir
Vətəndaşların problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər sakinləri ilə növbəti səyyar görüş keçirib.

Görüşdə ŞİHBA-nın məsul şəxsləri, Şəhər Polis Şöbəsinin rəisi Ədalət Əliyev, Bələdiyyə və Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərin rəhbərləri, mətbuat nümayəndələri, eləcə də kommunal və digər xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Çıxış edən icra başçısı İlham İsmayılov ölkə rəhbərliyinin tapşırıqlarına əsasən yerlərdə keçirilən səyyar qəbulların əhalinin qayğı və problemlərinin yerində öyrənilməsinə, eləcə də onların operativ həllinə geniş imkan yaratdığını vurğulayıb.

Görüş zamanı sakinlər fərdi qaydada dinlənilib. Sakinləri daha çox narahat edən məsələ küçə itləri ilə bağlı olub. Qaldırılan digər məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmnun qaldıqlarını bildirərək, onlara yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Esmira Hidayətova, Mingəçevir