600-dən çox bal toplayan tələbə paytaxtı deyil, MDU-nu seçdi
Mingəçevir Dövlət Universitetindən (MDU) verilən məlumata görə, 2025–2026-cı tədris ili üçün qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlər arasında MDU-ya maraq artıb. Cari il ərzində 18 abituriyent 500-dən yuxarı, 2 abituriyent isə 600-dən yuxarı bal toplayaraq universitetin tələbəsi adını qazanıb.
Universitetdən bildirilib ki, ən yüksək nəticə göstərən tələbə Şəbnəm Şirinovadır. O, 638,8 bal toplayaraq “Xarici dil müəllimliyi (ingilis dili üzrə)” ixtisasına qəbul olunub.
MDU-dan qeyd olunub ki, son illərdə universitetin tədris keyfiyyətinin yüksəldilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, müasir tədris mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər gənclərin bu ali məktəbə marağını daha da artırıb.
Mingəçevir Dövlət Universiteti bu gün regionun ən dinamik inkişaf edən ali təhsil müəssisələrindən biri kimi tanınır. Burada tələbələrin elmi, ictimai və yaradıcı fəaliyyətinə xüsusi diqqət yetirilir, Avropa standartlarına uyğun təhsil mühiti yaradılır.
Esmira Hidayətova, Mingecevir