MDU-da əməkdaşların sosial və iqtisadi maraqlarının qorunması məqsədilə yeni Kollektiv Müqavilə imzalandı
Mingəçevir Dövlət Universitetində (MDU) əməkdaşların əmək, sosial və iqtisadi hüquqlarının qorunması, həmçinin onların qanuni mənafelərinin müdafiəsi məqsədilə növbəti Kollektiv Müqavilə imzalanıb.
2025–2027-ci illəri əhatə edən yeni sənəd universitet rəhbərliyi ilə həmkarlar təşkilatı arasında qarşılıqlı əməkdaşlıq, sosial tərəfdaşlıq və birgə məsuliyyət prinsiplərinə əsaslanır. Müqavilə MDU əməkdaşlarının əmək şəraiti, sosial təminatı, maddi rifahı, sağlamlığı və təhlükəsiz iş mühitinin qorunması istiqamətində vacib mexanizmləri müəyyən edir.
Sənəddə həmçinin universitet əməkdaşlarının peşə hazırlığının artırılması, təlim və ixtisasartırma proqramlarında iştirak imkanlarının genişləndirilməsi, eləcə də əməkdaşların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı müddəalar öz əksini tapıb.
MDU rəhbərliyi bildirib ki, Kollektiv Müqavilənin imzalanması universitetdə sosial ədalət, şəffaflıq və əməkdaşlıq mühitinin möhkəmlənməsinə xidmət edir. Bu addım, eyni zamanda, universitetin insan resurslarının inkişafı və təhsil prosesinin keyfiyyətinin yüksəldilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində bu cür müqavilələrin mütəmadi olaraq yenilənməsi əməkdaşların sosial təminatına, onların hüquqlarının müdafiəsinə və kollektiv əmək münasibətlərinin sağlam şəkildə tənzimlənməsinə yönəlib.