Mingəçevir Dövlət Universitetinin müəllimləri Özbəkistan universitetlərinə ezam olunub

InShot_20251125_140933307

Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları genişlənir: Mingəçevir Dövlət Universitetinin müəllimləri Özbəkistan universitetlərinə ezam olunub

Mingəçevir Dövlət Universitetinin (MDU) müəllimləri Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrində təcrübə proqramında iştirak etmək məqsədilə ezam olunub. Belə ki, MDU-nun Xarici dillər kafedrasının müəllimi Fəxriyyə Məbudova Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində, Fizika və ekologiya kafedrasının müəllimi Şəbnəm İslamova isə Səmərqənd Dövlət Universitetində təcrübə keçirlər.
Təcrübə proqramları MDU ilə sözügedən universitetlər arasında imzalanmış əməkdaşlıq və mübadilə memorandumu əsasında həyata keçirilir və müəllimlərin fənn proqramları, tədris metodikası, elmi-tədqiqat istiqamətləri və müasir tədris mühitləri ilə tanış olmasını nəzərdə tutur. Proqram həmçinin akademik mübadiləni gücləndirmək, tədris keyfiyyətinin yüksəldilməsi üçün qarşılıqlı öyrənmə imkanlarını genişləndirmək məqsədi daşıyır.
Qeyd edək ki, Mingəçevir Dövlət Universiteti beynəlxalq tərəfdaşlıq əlaqələrinin inkişafına xüsusi önəm verir və bu kimi əməkdaşlıqlar vasitəsilə müəllimlərin peşəkar inkişafına, yeni akademik təcrübələrin qazanılmasına və universitetin tədris mühitinin müasirləşdirilməsinə töhfə verir.