Səhranın səssiz nəhəngləri Mingəçevirdə – 30-dan çox dəvəsi olan təsərrüfat

InShot_20251127_161354418

Uzun illər Mingəçevir ərazisində şəhər sakini Nizami Allahverdiyev tərəfindən yaradılan dəvə təsərrüfatı bu gün də fəaliyyətini davam etdirir. Nizami Allahverdiyev üç il əvvəl dünyasını dəyişdikdən sonra təsərrüfata Aydın adlı şəxs nəzarət etməyə başlayıb. Onun əsas məqsədi həm bu təsərrüfatı genişləndirmək, həm də ata-baba ənənəsini yaşatmaqdır. Artıq demək olar ki, təsərrüfat əvvəlki illərlə müqayisədə xeyli böyüyüb.

 

Susuzluğa dözümlülüyü ilə seçilən dəvələr fəsillərin dəyişməsindən asılı olmayaraq səhralarda və otlaq sahələrində rahat şəkildə qidalanırlar. Aydının sözlərinə görə, dəvələri saxlamaq o qədər də çətin deyil və böyük xərc tələb etmir. Elə buna görə də ölkəmizdə az da olsa, dəvə saxlayan şəxslərə rast gəlinir.

 

Təsərrüfat sahibinin maraqlı bir özəlliyi də var: o, dəvələrə yalnız qazanc mənbəyi kimi yanaşmır. Onun üçün əsas olan ata-babalarından qalan ənənəni qoruyub saxlamaqdır. Aydın dəvələrinə öz adlarını da verib: Mərcan, Kəklik, Nər, Qumral və başqaları. Hal-hazırda təsərrüfatda 30-dan çox dəvə mövcuddur.

Qeyd edək ki, dəvə normal halda hər iki ildən bir bala verir. Lakin yük daşımaq üçün istifadə edildikdə bu proses 4–7 ilə qədər uzana bilir. 500 kiloqrama qədər yük daşıya bilən dəvələr gün ərzində 30–40 litr su içir, lakin gündə cəmi iki stəkan süd verir. Bununla belə, dəvənin südü çox qiymətli sayılır və bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Südün yağlılığı isə 50 faizdən çoxdur.

 

Dəvələrin maraqlı xüsusiyyətlərindən biri də onların inadkarlıqlarıdır. Əgər dəvə istirahət etmək üçün uzanıbsa, onu dərhal qaldırmaq mümkün olmur — müəyyən vaxt gözləmək lazımdır. Fermerin sözlərinə görə, dəvələr kinli heyvan olduqları üçün onları qıcıqlandırmaq olmaz, əks halda sahibinə belə zərər yetirə bilərlər.

 

Eyni zamanda dəvələr çox ağıllı heyvanlar hesab olunur. Səhrada sahibi olmadan 15–16 kilometr məsafə qət etsələr belə, sonradan özləri rahat şəkildə ilkin yerə qayıda bilirlər.

Maraqlı məlumatlardan biri də odur ki, dəvə əti kimyəvi tərkibinə görə mal ətindən daha zəngindir. Bundan əlavə, dəvə şor dəniz suyunu içən yeganə heyvandır və bu su sayəsində orqanizminə lazım olan mayeni təmin edir. Dəvələr 70 dərəcə istiyə və –50 dərəcə soyuğa davam gətirmə qabiliyyətinə malikdirlər.

Esmira Hidayətova, Mingəçevir