Elmi tədqiqatlar müəllimlik praktikasını daha sistemli və məqsədyönlü edir.

InShot_20251211_230229804

Mingəçevir Dövlət Universitetinin(MDU) gənc alimləri ilə müsahibəmiz davam edir. Bu dəfəki müsahibimiz Vəliyeva Ceyran Elşən qızıdır. O, 1987-ci ildə 26 dekabr tarixində Mingəçevir şəhərində anadan olub. Mingəçevir şəhər 16 saylı tam orta məktəbi bitirib. 2006-cı ildə Bakı Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasına qəbul olub. 2010-cu ildə fərqlənmə diplomu ilə bitirib. 2010-cu ildə magistraturaya daxil olmuş, 2012-ci ildə Bakı Slavyan Universitetinin Ədəbiyyat nəzəriyyəsi ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2021-ci ildə Gəncə Dövlət Universitetində 5706.01 – “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə doktoranturaya qəbul olub. Azərbaycan poeziyasında təbiət mövzusu: peyzaj lirikası və ictimai motivlər mövzusunda dissertasiya işini tamamlayıb. Müdəfiə ərəfəsindəyəm. 2018-ci ildən Mingəçevir Dövlət Universitetində işləməyə başlayıb. 2021-ci ildən Humanitar fənlər kafedrasında müəllim kimi Müasir Azərbaycan dili-3, Ədəbiyyat nəzəriyyəsi, Ədəbiyyaşünaslığın əsasları, Şifahi xalq ədəbiyyatı, Azərbayacn dilində işgüzar və akademik kommunikasiya, Öyrənilən əsas dil-3, Ədəbiyyat və milli mədəni kimlik fənlərini tədris edib.

1. Hazırda üzərində çalışdığınız elmi tədqiqatın əsas məqsədi nədir və bu işin ölkə elmi üçün hansı töhfələri ola bilər?

Hal-hazırda üzərində çalışdığım tədqiqat poeziyada təbiət motivlərinin estetik, semantik və funksional mahiyyətini araşdırmağa yönəlib. Məqsədim təbiət obrazlarının yalnız bədii detal kimi deyil, həm də ideya yükü daşıyan məna qurucusu kimi rolunu göstərməkdir. Hesab edirəm ki, bu tədqiqat həm ədəbiyyatşünaslıqda yeni baxışların formalaşmasına, həm də poeziyanın təhlilində metodoloji yanaşmaların zənginləşməsinə töhfə verə bilər.

2. Sizcə, bu gün Azərbaycan ali təhsilində ən böyük problem nədir və bu məsələlərin həlli üçün hansı real addımlar atılmalıdır?

Ən böyük problem tələbələrin elmi fəaliyyətə praktiki cəlb olunmaması və araşdırma bacarıqlarınınaz az inkişaf etdirilməsidir. Bunun üçün universitetlərdə kiçik tədqiqat qrupları, mentorluq proqramları və real layihələrə inteqrasiya sistemi yaradılmalıdır. Bu, tələbələrin həm akademik, həm də praktiki bacarıqlarını inkişaf etdirər.

3. Gənc tədqiqatçı və tələbələrə hansı tövsiyələri verərdiniz?

Gənc tədqiqatçılara tövsiyəm budur ki, hər gün az da olsa elmi oxu və yazı ilə məşğul olsunlar, fərqli mənbələrdən məlumat əldə etməyə çalışsınlar və ən əsası sual verməkdən çəkinməsinlər. Elm davamlı maraq və səbr tələb edir, çünki nəticələr dərhal görünmür, amma davamlılıq uğurun açarıdır.

4. Cari dövrdə dünya elmi sürətlə dəyişir. Siz bu dəyişikliklərin Azərbaycan universitetlərinə təsirini necə qiymətləndirirsiniz?

Dünya elminin sürətli dəyişməsi Azərbaycan universitetlərini innovativ və rəqəmsal yanaşmalara açıq olmağa məcbur edir. Bu dəyişikliklər tədris metodlarının yenilənməsi, distant təhsil imkanlarının genişləndirilməsi və gənc alimlərin beynəlxalq elmi mühitlə əlaqələrinin gücləndirilməsi üçün fürsət yaradır.

5. Mingəçevir Dövlət Universitetinin gələcək inkişafı üçün hansı yeniliklərə ehtiyac var?

Mingəçevir Dövlət Universitetinin inkişafı üçün müasir tədris və elmi resursların zənginləşdirilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi və tələbələrin praktiki layihələrə cəlb edilməsi vacibdir. Bununla yanaşı, Rektor Anar Eminovun rəhbərliyi altında universitet artıq bu sahələrdə mühüm addımlar atır: tədris prosesində innovativ yanaşmalar tətbiq olunur, beynəlxalq əlaqələr aktivləşdirilir və gənc tədqiqatçılar üçün yeni imkanlar yaradılır. Bu istiqamətlərin davam etdirilməsi universitetin həm regional, həm də milli səviyyədə nüfuzunu daha da artıracaq.

6. Elmi fəaliyyətinizdə ən böyük çətinlik nə olub və bu çətinliyi necə aradan qaldırmısınız?

Yadda qalacaq elə böyük çətinliklərim olmayıb, olubsa da, bu çətinliklər elmi inkişaf üçün bir stimul rolunu oynayıb.

7. Sizcə, Azərbaycanda elmi araşdırmaların maliyyələşməsi və dəstəklənməsi kifayətdirmi?

Hazırkı maliyyələşmə müəyyən səviyyədədir, amma davamlılıq və layihələrin müxtəlifliyi baxımından kifayət deyil. Gənc tədqiqatçıların innovativ ideyalarına daha çox dəstək verilməlidir. Bu, elmin inkişafını sürətləndirəcək və Azərbaycan tədqiqatçılarının beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artıracaq.

8. Müasir dövrdə süni intellekt və avtomatlaşdırma daha çox sahəni dəyişir. Bu texnologiyalar sizin sahəyə necə təsir edir?

Süni intellekt poeziya və ədəbiyyat tədqiqatlarında mətni analiz etmək, nümunələri sistemləşdirmək və statistik yanaşmalar tətbiq etmək üçün imkanlar açır. Lakin bədii təhlilin incəlikləri hələ də insanın təxəyyül və təcrübəsinə bağlıdır. Texnologiyalar tədqiqat prosesini sürətləndirir, amma yaradıcılığı əvəz etmir. İstənilən bədii əsərin oxunub təhlil edilməsində tələbələrin şəxsi fikirlərini bölüşməsi isə onların analitik və yaradıcı düşüncəsini inkişaf etdirir, mətnlə fərdi əlaqə qurmasına imkan verir və bu prosesi yalnız öz təcrübələrinə əsaslanaraq aparmalarınıtələb edirik ki, bu da süni intellektdən asılılığı aradan qaldırır.

9. Universitet–sənaye əməkdaşlığına necə baxırsınız?

Bu əməkdaşlıq həm tələbələr, həm müəllimlər, həm də sənaye tərəfi üçün faydalıdır. Real layihələrdə iştirak edən tələbələr praktik bacarıqlarını artırır, sənaye müəssisələri isə innovativ ideyalara çıxış əldə edir. Bunun üçün ortaq tədqiqat mərkəzləri və pilot layihələr vacibdir və hal hazırda universitetimiz cənam rektor Anar Eminovun sayəsində bu istiqamətdə uğurlu layihələrə imza atmaqda davam edir.

10. Tələbələrin elmi fəaliyyətə marağını artırmaq üçün universitetlər nələri fərqli etməlidir?

Tələbələrin marağını artırmaq üçün seminar, yarış və layihə əsaslı fəaliyyətləri genişləndirmək lazımdır. Tələbələr gördükləri nəticənin faydasını hiss etdikcə, elmi araşdırmalara daha çox maraq göstərəcəklər. Eyni zamanda mentorluq və praktiki dəstək də vacibdir.

11. Alim olaraq şəxsi motivasiyanızı necə qoruyursunuz? Elmə olan marağınız illər boyu sizi necə aparıb?

Məni motivasiya edən əsas amil öyrənməyin sonsuzluğu və yeni biliklərin əldə edilməsidir. Hər uğur məni araşdırmaya həvəsimi artırır. Elm mənim üçün artıq həyatın bir hissəsidir.

Söhbətləşdi,Esmira Hidayətova.