Dekabrın 12-də Ulu Öndər Heydər Əliyevin Anım Günü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşikatçılığı ilə ehsan verilib.

InShot_20251212_164623152

Xarı Bülbül sarayında keçirilən anım mərasimi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinə dərin ehtiramın daha bir nümunəsi oldu. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul əməkdaşları, şəhərin müxtəlif qurumlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə qaziləri, ictimaiyyət və media nümayəndələri iştirak edirdilər. Mərasimin ümumi ab-havası həm ehtiram, həm də dövlətçilik ruhu ilə seçilirdi.

Ulu Öndərin əziz xatirəsi mərasim iştirakçıları tərəfindən bir dəqiqəlik sükutla yad edildi. Daha sonra ruhuna dualar oxundu. Mərasim zamanı təqdim olunan Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film böyük maraqla qarşılandı. Film izləyicilərə dahi liderin xalqı üçün gördüyü böyük işləri bir daha xatırlatdı.

Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qeyd etdi ki, Heydər Əliyev həyatı boyu Azərbaycan dövlətinə, onun inkişafına və müstəqilliyinin möhkəmlənməsinə xidmət etmiş böyük şəxsiyyətdir. Onun dövlətçilik ideyaları bu gün də cəmiyyətin inkişafında əsas yol göstəricisidir.

İlham İsmayılov öz çıxışında vurğuladı ki, Heydər Əliyevin müdrik siyasətinin davam etdirilməsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycanın beynəlxalq nüfuzunun yüksəlməsi, iqtisadi inkişafı, ərazi bütövlüyünün təmin olunması məhz həmin siyasi xəttin ardıcıl və qətiyyətli nəticəsidir.

Şəhər rəhbəri həmçinin bildirdi ki, Ümummilli Liderin xatirəsi Azərbaycan xalqının yaddaşında hər zaman yaşayacaq. Onun dövlətçilik irsi böyük bir məktəbdir və gələcək nəsillər üçün möhkəm təməl rolunu oynayır. Mərasim iştirakçıları da bu fikirləri alqışlarla dəstəklədilər.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri — Mayıl İsmayılov, Ağagül Əliyev, Ramiz Kərimov və Xamo Əliyev — Heydər Əliyevlə bağlı öz şəxsi xatirələrini bölüşdülər. Onların hər biri Ulu Öndərin insanlarla davranışındakı sadəliyi, xalqına olan sevgisi və dövlət işinə yanaşmasındakı prinsipiallığı barədə təsirli fikirlər səsləndirdilər.

Mərasim ümumilikdə yüksək ruhda keçib, iştirakçılarda həm qürur, həm də dərin ehtiram hissi yaradıb. Tədbir bir daha göstərdi ki, Heydər Əliyev irsi bu gün də yaşayır və Azərbaycan xalqı tərəfindən böyük məhəbbət və minnətdarlıqla yad edilir.

Esmira Hidayətova, Mingəçevir