Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

InShot_20251212_214901496

Xəstəxana kollektivinin iştirakı ilə baş tutan mərasim Ulu Öndərin əziz xatirəsinə dərin ehtiram ifadə olunan anım mərasimi kimi yadda qalıb.

Tədbir Ümummilli Lider Heydər Əliyevin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbir çərçivəsində Ulu Öndərin zəngin həyat və fəaliyyətinə dair videoçarx nümayiş olunub. Video material Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində, ölkənin siyasi, sosial və iqtisadi inkişafında müstəsna rolunu bir daha əks etdirib.

Daha sonra tədbir çıxışlarla davam edib. İlk olaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov çıxış edərək Heydər Əliyevin ölkəmizin inkişafında oynadığı tarixi roldan, səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.

Ardınca xəstəxananın baş həkimi Mətanət Əliyeva söz alaraq Ulu Öndərin müəyyən etdiyi istiqamətlərin bu gün də səhiyyə işçilərinin fəaliyyətinə yol göstərdiyini vurğulayıb.

İnzibati işlər üzrə direktor müavini Fuad Məmmədov çıxışında Heydər Əliyevin idarəçilik məktəbinin dövlət qurumlarında iş prinsiplərinə verdiyi töhfələri qeyd edib.

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Allahverdi Alıyev isə Ulu Öndərin insan amilinə verdiyi dəyərin tibb işçilərinin fəaliyyətində daim hiss olunduğunu, onun irsinin həm sosial, həm də peşəkar sahədə hər zaman istiqamət göstərdiyini qeyd edib.

Esmira Hidayətova, Mingəçevir