MDU-da çağdaş ədəbiyyat araşdırmaları: Fəxriyyə İsayeva nümunəsi
“Ədəbiyyatın həyata təsiri”
Mingəçevir Dövlət Universitetində fəaliyyət göstərən gənc alimlərin elmi araşdırmaları daim maraq doğurur.”Çagdaş Azərbaycan romanlarında özgələşmə- sosial psixoloji problem kimi”mövzusunda dissertasiya işini tamamlayan Fəxriyyə Nail qızı İsayeva ilə müsahibəmiz də bu istiqamətdədir. İsayeva Fəxriyyə Nail qızı kimdir? Fəxriyyə İsayeva 8 mart 1988-ci ildə Qəbələ şəhərində anadan olub.
1994–2005-ci illərdə Mingəçevir şəhər 12 nömrəli orta məktəbi bitirib. Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsində 2006–2010-cu illərdə bakalavr, Azərbaycan Müəllimlər İnstitutunda 2010–2012-ci illərdə magistratura təhsili alıb. Magistratura təhsilini 2012-ci ildə fərqlənmə diplomu ilə başa vurduqdan sonra təyinatla Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialında əmək fəaliyyətinə başlayıb. 2015-ci ildən etibarən Mingəçevir Dövlət Universitetində fəaliyyətini davam etdirib. Universitetdə Dünya ədəbiyyatı, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı və Ədəbiyyat nəzəriyyəsi fənlərini tədris edir.
2020-ci ildən etibarən Azərbaycan Dillər Universitetində 5716.01 – “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə dissertant kimi fəaliyyət göstərir. “Çağdaş Azərbaycan romanlarında özgələşmə sosial-psixoloji problem kimi” mövzusunda dissertasiya işi tamamlanmışdır. Elmi rəhbəri tanınmış tənqidçi və ədəbiyyatşünas, filologiya elmləri doktoru, dosent, millət vəkili Elnarə Akimovadır. Hazırda Fəxriyyə xanım dissertasiyanın müdafiəsinə hazırlıq mərhələsindədir.
Qeyd edək ki, Fəxriyyə xanımın elmi maraq dairəsi çağdaş Azərbaycan nəsri, müasir ədəbi proseslər, şəxsiyyət–cəmiyyət münasibətləri, eləcə də modern insanın psixoloji tipologiyası kimi mövzuları əhatə edir. O, bu istiqamətlərdə ardıcıl araşdırmalar aparır və əldə etdiyi nəticələri həm elmi fəaliyyəti, həm də dərs prosesində tətbiq etməyə çalışır.Fəxriyyə xanım suallarımıza aydınlıq gətirib.
1. Hazırda üzərində çalışdığınız elmi tədqiqatın əsas məqsədi nədir və bu işin ölkə elmi üçün hansı töhfələri ola bilər?
— Hazırda “Çağdaş Azərbaycan romanlarında özgələşmə sosial-psixoloji problem kimi” mövzusu üzrə apardığım tədqiqatın əsas məqsədi müasir Azərbaycan nəsrində insanın psixoloji durumunu, fərd–cəmiyyət münasibətlərindən doğan daxili təzadları və şəxsiyyətin özgələşmə təcrübəsini elmi cəhətdən araşdırmaqdır. Bu problem yalnız Azərbaycan ədəbiyyatına xas deyil; dünya ədəbiyyatında da Kafkanın, Kamyunun, Remarkın, Sartrın, həmçinin XX–XXI əsr Amerika və Avropa nəsrinin bir çox nümayəndələrinin yaradıcılığında insanın özündən və cəmiyyətdən uzaqlaşması mühüm bədii xətt kimi mövcutdur.
Hesab edirəm ki, bu tədqiqat ədəbiyyatşünaslıqda yeni nəzəri yanaşmalar formalaşdıracaq, həm milli romanın psixoloji istiqamətlərinin öyrənilməsi üçün elmi baza yaradacaq, həm də Azərbaycan nəsrinin qlobal ədəbi prosesdə yerini müəyyənləşdirmək baxımından dəyərli töhfə olacaq.2.Elmi fəaliyyətinizdə ən böyük çətinlik nə olub və bu çətinliyi necə aradan qaldırmısınız?

— Ən böyük çətinlik mövzunun çoxşaxəli və mürəkkəb olmasıdır. Özgələşmə problemi həm sosial, həm psixoloji, həm də fəlsəfi aspektlərə malik olduğundan geniş mənbə bazası tələb edirdi. Bu çətinliyi davamlı araşdırma, intensiv oxu prosesi və mövzunun müxtəlif istiqamətlərini ardıcıl sistemləndirməklə aradan qaldırıram. Daim yeni romanları oxuyuram. Mövzum 2000-2020-ci illəri əhatə etdiyindən son günlərdə çıxan romanları oxumağa çalışıram ki, tədqiqat işimdə istifadə edə bilim.
3. Gənc tədqiqatçı və tələbələrə hansı tövsiyələri verərdiniz? Onların elmdə uğur qazanması üçün nələr vacibdir?
— Gənclərə ilk növbədə məsuliyyətli olmağı tövsiyə edərdim. Elmi fəaliyyət təkcə istedad deyil, həm də davamlı əmək, səbir və intizam tələb edir. O.de Balzak notariusda işlədiyi vaxtlardan bəhs edərək yazırdı: “Yazıçı olmağımda notariusda işləməyimin faydası çoxdur, çünki səbrlə oturub işləməyi öyrəndim.” Gənclərin konkret hədəfləri olmalıdır. İstək və hədəf olan yerdə uğursuzluq mümkün deyil. Arzularının arxasınca getinlər, gec-tez nail olacaqlar. İxtisasından aslı olmayaraq hər kəs mütaliə ilə məşğul olmalıdır. Səlis və aydın nitq üçün mütaliə mütləqdir. Onlara geniş oxu vərdişi formalaşdırmağı, dünya elmi ilə yaxından tanış olmağı, mənbələrlə işləməyi və ən əsası, tədqiqat mövzularını cəmiyyətin real problemləri ilə əlaqələndirməyi vacib sayıram.
4. Tələbələrin elmi fəaliyyətə marağını artırmaq üçün universitetlər nələri fərqli etməlidir?
— Tələbələrə ilk növbədə motivasiyaedici, dinamik və yaradıcı mühit formalaşdırmaq vacibdir. MDU rəhbərliyi rektor Anar Eminovun təşəbbüsləri nəticəsində universitetdə tələbələrin həm akademik, həm də sosial aktivliyini artırmağa yönəlmiş müxtəlif layihələr həyata keçirilir. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili məqsədilə yarışlar, oyunlar, sosial və mədəni tədbirlər təşkil olunur. Regionda ilk dəfə olaraq yalnız qız tələbələrdən ibarət veloyürüyüşünün keçirilməsi isə həm gənclərin fiziki aktivliyinin artırılması, həm də tələbə icması daxilində özünəinamın və sosial birliyin gücləndirilməsi baxımından əhəmiyyətli bir addımdır.
Belə təşəbbüslər tələbənin universitet həyatına bağlılığını artırır və onun elmi fəaliyyətə marağının formalaşmasına birbaşa təsir edir. Çünki tələbə özünü universitetin mühüm bir parçası kimi hiss etdikcə, elmi dərnəklərə qoşulmağa, tədqiqat aparmağa və elmi layihələrdə iştirak etməyə daha həvəsli olur. Sosial fəallıqla elmi mühitin paralel şəkildə inkişaf etdirilməsi tələbələrdə həm intellektual marağı, həm də tədqiqat bacarıqlarını gücləndirir.
5. Alim olaraq şəxsi motivasiyanızı necə qoruyursunuz?
— Mənim üçün motivasiya ilk növbədə ədəbiyyata olan daxili sevgidən qaynaqlanır. İllərdir ədəbiyyatla məşğul olmaq mənə həm professional, həm də şəxsi inkişaf üçün böyük stimul verir. Yeni mətnləri araşdırmaq, yeni fikirlər yaratmaq, tələbələrə bildiklərimi ötürmək,eyni zamanda elmi seminarlar, müzakirələr, həmkarlarla fikir mübadiləsi motivasiya üçün güclü stimuldur. Elm mənim üçün təkcə peşə deyil, həm də həyat tərzidir. Ədəbiyyat müəllimi olaraq tələbələrin sualları, müzakirələri və öz fikirlərini ifadə etmələri həm motivasiya yaradır, həm də yeni baxış bucaqları qazandırır. Tələbə auditoriyası mənim üçün ən böyük ilham mənbələrindən biridir.
Söhbətləşdi,Esmira Hidayətova