Mingəçevir günbəgün gözəlləşən, müasir və abad şəhərə çevrilir
Azərbaycanın mühüm sənaye, enerji və sosial mərkəzlərindən biri olan Mingəçevir şəhəri son illər ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilən tikinti-quruculuq və abadlıq tədbirləri nəticəsində tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Şəhərin yaranmasından etibarən artıq 77 ildən çoxdur ki, burada aparılan sistemli quruculuq işləri Mingəçeviri daim yenilənən, müasir şəhərsalma prinsiplərinə cavab verən yaşayış məkanına çevirib. Bu davamlı dinamika şəhərin ümumi memarlıq üslubunda, sosial infrastrukturunda və ictimai məkanlarında özünü aydın şəkildə göstərir.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin təsdiq etdiyi fəaliyyət planına uyğun olaraq şəhərin abadlaşdırılması, əhalinin yaşayış şəraitinin daha da yaxşılaşdırılması və ictimai məkanların müasir standartlara uyğun yenidən qurulması istiqamətində mühüm işlər görülür.

Xüsusilə şəhərin əsas prospektlərindən biri olan Heydər Əliyev prospektində aparılan yenidənqurma və abadlıq tədbirləri diqqət mərkəzindədir.

Prospektdə yeni salınmış xiyabanda həyata keçirilən işlər şəhərin estetik görünüşünün daha da zənginləşdirilməsinə, həmçinin piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına xidmət edir.

Hazırda xiyabanın həm sağ, həm də sol hissəsində genişmiqyaslı bərpa və abadlıq işləri davam etdirilir. Xiyabanın girişində və daxili ərazilərində, eləcə də yol kənarlarında müasir dizayna uyğun yeni piltələrin vurulması üçün hazırlıq işləri aparılır.

Bu tədbirlər piyadalar üçün rahat keçidlərin yaradılmasına, eyni zamanda ərazinin səliqəli və estetik görünüş almasına imkan verəcək.

Bununla yanaşı, yaxın günlərdə geniş yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi, müxtəlif dekorativ ağac və kolların əkilməsi, ot örtüyünün salınması nəzərdə tutulur.

Bu isə həm şəhərin ekoloji mühitinin yaxşılaşdırılmasına, həm də sakinlərin istirahəti üçün daha əlverişli şəraitin formalaşdırılmasına xidmət edəcək.

Qeyd edək ki, Mingəçevir şəhərində aparılan abadlıq, yenidənqurma və quruculuq işləri ölkə başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq hazırlanmış tədbirlər planı əsasında icra edilir.

Görülən işlər Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun və Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəhbəri Şəhriyar Mustafayevin rəhbərliyi və nəzarəti altında həyata keçirilir.

Bu ardıcıl və məqsədyönlü fəaliyyət Mingəçevirin gələcəkdə daha abad, daha müasir və sakinlər üçün daha rahat şəhərə çevrilməsinə zəmin yaradır.
Bolge.az