Mingəçevirdə ustad dərsləri keçiriləcək
Dekabrın 15-də Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli Onbirillik Musiqi Məktəbində fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq.
Tədbir çərçivəsində ilk olaraq tar ixtisası üzrə ustad dərsi keçiriləcək. Dərs saat 11:30-dan 13:00-dək davam edəcək.
Günün ikinci yarısında isə fortepiano ixtisası üzrə ustad dərsi baş tutacaq. Bu dərs saat 15:00-dan 16:30-dək nəzərdə tutulub.
Ustad dərslərinin məqsədi gənc musiqiçilərin peşəkar bilik və bacarıqlarının artırılması, onların ifaçılıq səviyyəsinin yüksəldilməsi və sənət təcrübəsinin paylaşılmasıdır. Tədbirin musiqi təhsili alan şagirdlər üçün faydalı və maraqlı olacağı gözlənilir.