Mingəçevirdə marşrut avtobusunun sürücüsü sərnişin tərəfindən döyüldü

InShot_20260119_184337338

Mingəçevirdə şəhərdaxili marşrutlardan birində xoşagəlməz hadisə baş verib. Teleqraf-ın Mərkəzi Aran bürosunun məlumatına görə, insident 12 nömrəli avtobus xəttində qeydə alınıb.

Belə ki, avtobus sürücüsü Rəşad Musayevlə sərnişin arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib. İlkin məlumata əsasən, sərnişin sürücünü döyərək ona müxtəlif xəsarətlər yetirib. Gərginliyə səbəb isə sürücünün sərnişinin əl işarəsinə baxmayaraq avtobusu vaxtında saxlamaması olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı xəsarətlərin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilib, hadisənin iştirakçılarından izahatlar alınıb. Araşdırma davam etdirilir.