Mingəçevirdə icra başçısının sakinlərlə növbəti səyyar görüşü keçirilib
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhər sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Görüş zamanı vətəndaşlar onları narahat edən bir sıra sosial və məişət problemlərini birbaşa şəhər rəhbərinin diqqətinə çatdırıblar.

Sakinlərin müraciətləri əsasən infrastruktur, abadlıq, kommunal xidmətlər və digər gündəlik problemlərlə bağlı olub. Qaldırılan məsələlər diqqətlə dinlənilib, hər bir müraciətin araşdırılacağı bildirilib. Qeyd edək ki, görüşdə Mingəçevir şəhər prokuroru Pərvin Quliyev də iştirak edib.

Şəhər rəhbəri İlham İsmayılov aidiyyəti qurum və müəssisə rəhbərlərinə vətəndaşlar tərəfindən səsləndirilən problemlərlə bağlı yerlərdə olmağı, mövcud vəziyyəti yerində araşdırmağı və məsələlərin qısa müddətdə həllini təmin etməyi tapşırıb.

Görüşün sonunda icra başçısı qeyd edib ki, cari il ərzində Mingəçevirdə genişmiqyaslı abadlıq-quruculuq və təmir-bərpa işləri həyata keçiriləcək.

İlham İsmayılov vurğulayıb ki, şəhərin inkişafı və sakinlərin rifahının yaxşılaşdırılması üçün bütün imkanlar səfərbər ediləcək və cənab Prezidentin tapşırıqları məsuliyyətlə icra olunacaq.

Esmira Hidayətova, Mingəçevir