Mingəçevirdə Şəhid və Qazilərin Uşaqları Üçün Xeyriyyə Tamaşası: Teatr Səhnəsində Humanizm Mesajı

InShot_20260130_194937899

Mingəçevir Dövlət Dram Teatrının Direktor vəzifələrini müvəqqəti icra edən Şəlalə xanım Sadəddinovanın dəstəyi ilə şəhərdə nümunəvi və alqışa layiq bir xeyriyyə təşəbbüsü həyata keçirilib. Layihə çərçivəsində Mingəçevir Günərzi Qayğı – Reabilitasiya Mərkəzində təhsil alan şəhid və qazilərin inklüziv uşaqları üçün xüsusi dəstək tamaşası təşkil olunub.

Tədbirin əsas məqsədi təkcə mədəniyyətin təbliği deyil, eyni zamanda cəmiyyətin ən həssas təbəqələrindən olan uşaqlara mənəvi və maddi dəstəyin göstərilməsi olub. Tamaşa vasitəsilə həm teatr sənətinin birləşdirici gücü nümayiş etdirilib, həm də sosial məsuliyyət nümunəsi ortaya qoyulub.

Xeyriyyə aksiyası çərçivəsində teatrın böyüklər üçün aktyor truppası tərəfindən klassik komediya janrında səhnələşdirilən “Sadığın Toyu” tamaşası nümayiş etdirilib. Gülüş və düşündürücü məqamlarla zəngin olan tamaşa tamaşaçılar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Xüsusilə vurğulanmalıdır ki, tamaşaya satılan biletlərdən əldə olunan gəlirin bir hissəsi ehtiyacı olan, kimsəsiz və inklüziv uşaqların sosial-məişət ehtiyaclarının qarşılanmasına yönəldilib. Bu isə tədbirə sırf mədəni yox, eyni zamanda xeyriyyə və humanitar xarakter qazandırıb.

Layihənin əlaqələndirilməsi Mingəçevir Dövlət Dram Teatrının aktyoru, Prezident mükafatçısı İbrahim Türksoy Salamov tərəfindən həyata keçirilib. Təşkilati məsələlərdə isə teatrın baş inzibatçısı Könül Ahəngəri fəal iştirak edib. Onların peşəkar və fədakar yanaşması tədbirin uğurla başa çatmasında mühüm rol oynayıb.

Qeyd edək ki, bu cür xeyriyyə məqsədli tamaşalar cəmiyyətlə mədəniyyət arasında körpü rolunu oynamaqla yanaşı, şəhid və qazilərin ailələrinə, xüsusilə uşaqlara göstərilən diqqət və qayğının bariz nümunəsidir. Mingəçevir Dövlət Dram Teatrının bu təşəbbüsü ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir və digər mədəniyyət ocaqları üçün də örnək sayılır.

Bölge.az