Tələbələr bıçaqlı hücuma məruz qaldılar

1770480503_69875a4c04b2b69875a4c04b2c177047

Böyük Britaniyanın London şəhəri yaxınlığında, Surrey qraflığında yerləşən Eqhem dəmiryol stansiyasında üç tələbə bıçaqlı hücuma məruz qalıb.

Britaniya nəqliyyat polisi məlumat yayıb.

Bildirilib ki, insident fevralın 6-sı axşam saatlarında baş verib. Hücum nəticəsində 20 yaşlı iki gənc bıçaq xəsarətləri alıb, 22 yaşlı şəxs isə üz nahiyəsindən kəsik yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, onların həyati təhlükəsi yoxdur.

Məlumata əsasən, zərərçəkənlərin hamısı paytaxtda yerləşən “Royal Holloway” Universitetinin tələbələridir.

Hadisədə şübhəli bilinən təxminən 30 yaşlı kişi ağır bədən xəsarəti yetirmək ittihamı ilə saxlanılıb. Hücumun motivləri hələlik məlum deyil.

Polis hadisəni iki tanış olmayan qrup arasında baş vermiş “ciddi, lakin təcrid olunmuş insident” kimi qiymətləndirib. Hücumla əlaqəli daha iki nəfərin hadisə yerindən qaçdığı bildirilir, onların axtarışı davam edir.