Mingəçevir Şəhər Liseyi üçün ardıcıl üçüncü “VEX Respublika Çempionu” uğuru
07 fevral 2026-cı il tarixində Bakı şəhərində yerləşən Avropa Liseyində 14–17 yaşlı məktəblilər arasında “VEX V5 Robotics Competition” yarışının Respublika turniri keçirilib. Elm və Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin dəstəyi və STEAM Azərbaycanın təşkilatçılığı ilə baş tutan yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən komandalar öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Turnirin ən böyük uğurlarından biri Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Fənlər Təmayüllü Liseyin payına düşüb. Liseyin “ZƏFƏR” komandası yüksək nəticə göstərərək I yerə layiq görülüb və “VEX Respublika Çempionu” adına sahib çıxıb.

Qeyd edək ki, bu, Şəhər Liseyinin artıq üçüncü ildir ardıcıl olaraq qazandığı respublika çempionluğudur. Bu fakt təhsil ocağının robototexnika və STEAM istiqamətində sistemli və məqsədyönlü fəaliyyət apardığını bir daha təsdiqləyir.
Komandanın uğurunda liseyin informatika müəllimi və mentor Xəyalə Əliyevanın xüsusi rolu vurğulanır. Onun rəhbərliyi altında şagirdlər yalnız texniki biliklərini deyil, eyni zamanda komanda işi, strateji düşünmə və problem həll etmə bacarıqlarını da inkişaf etdiriblər. Lisey kollektivi komanda üzvlərini və mentorlarını təbrik edərək onlara gələcək yarışlarda da davamlı uğurlar arzulayıb.
Mingəçevir şəhərinin ümumtəhsil məktəbləri son illər müxtəlif respublika və beynəlxalq səviyyəli müsabiqələrdə yüksək nəticələrlə seçilir. Şəhər Liseyi isə əldə etdiyi rekord göstəricilərlə hər zaman ön sıralarda qərarlaşıb. Ötən tədris ilində də lisey ənənəsinə sadiq qalaraq göstəricilərə görə birinci olub və bu il də uğur zəncirini davam etdirib.

Mütəxəssislər bildirirlər ki, bu cür nailiyyətlərin arxasında güclü müəllim əməyi, valideyn məsuliyyəti və şagirdlərin əzmkarlığı dayanır. Uzun illərin təcrübəsi göstərir ki, cəmiyyətin uğurlu gələcəyini təmin etmək üçün keyfiyyətli və müasir təhsil siyasəti əsas şərtlərdən biridir.
Liseyin direktoru Aidə İsmayılovanın rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü fəaliyyət və müəllim kollektivinin peşəkarlığı bu uğurların davamlı olmasında mühüm rol oynayır.
Mingəçevir bir daha sübut edir ki, region məktəbləri də innovasiya və texnologiya sahəsində ölkə miqyasında lider ola bilər.
Esmira Hidayətova
Mingəçevir