Azərbaycanda ilk: MDU-da “Tourism Skills Lab” istifadəyə verildi..
Azərbaycanda turizm təhsilində ilk: Mingəçevir Dövlət Universitetində “Tourism Skills Lab” istifadəyə verildi
31 oktyabr 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) turizm ixtisasında təhsil alan tələbələr üçün yaradılmış yeni “Tourism Skills Lab” laboratoriyasının açılışı keçirilib.
Layihə Türkiyənin Tayla şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib və laboratoriyanın əsas məqsədi turizm sahəsində təhsil alan tələbələrin praktik bilik və bacarıqlarını inkişaf etdirmək, onları əmək bazarına daha hazırlıqlı şəkildə yönləndirməkdir.
Yeni laboratoriya “ElektraWeb”, “Opera”, “HBO” və digər müasir otel idarəetmə proqramlarının öyrədilməsi məqsədilə qurulub. Bildirilib ki, laboratoriyanın yaradılması Türkiyə universitetlərinə təşkil edilən səfərlər zamanı aparılan müzakirələrin nəticəsi olaraq qərara alınıb.

Bundan əlavə, magistratura səviyyəsində təhsil alan tələbələr üçün “Hotel Back Office” adlı proqram vasitəsilə otel inzibatçılığı üzrə ümumi mühasibatlıq, analitik hesabat və PMS inteqrasiyası sistemlərini öyrənmək imkanı yaradılıb.
Laboratoriyada artıq atelye sisteminə uyğun proqram təminatı quraşdırılıb. Bu sistem tələbələrə qonaqların qeydiyyatı, xidmətlərin avtomatlaşdırılmış idarə olunması və digər mərhələləri praktiki şəkildə mənimsəməyə şərait yaradır.
Qeyd edilib ki, 17 noyabr tarixindən etibarən Türkiyəli mütəxəssislər tərəfindən MDU müəllimləri üçün hibrid formada təlimlər keçiriləcək.
Açılış mərasimində universitetin rektoru Anar Eminov, “Gabala Hospitality Group” şirkətinin İnsan resursları üzrə qrup direktoru Babək Müzəffərov, eləcə də professor-müəllim heyəti iştirak ediblər.

Tayla şirkəti ilə Türkiyədə imzalanmış memorandum çərçivəsində MDU-nun turizm ixtisası üzrə tələbələri bu laboratoriya vasitəsilə otellərin bronlaşdırılması, xidmətlərin göstərilməsi və rezervasiya proseslərini real sistemlər üzərindən öyrənə biləcəklər.
Yeni “Tourism Skills Lab” laboratoriyasının fəaliyyəti turizm sahəsində təhsil alan tələbələrin gələcəkdə əmək bazarında rəqabətqabiliyyətli və yüksək ixtisaslı mütəxəssis kimi formalaşmasına mühüm töhfə verəcək.