Bəxtiyar Vahabzadə Yurdunda Mingəçevir Dövlət Universitetinin Sədası!
Şəki şəhərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş möhtəşəm ədəbi-bədii tədbir keçirilib. Dərin məna və zəngin məzmunu ilə seçilən bu tədbir böyük maraq və rəğbətlə qarşılanıb.

Tədbir Şəki şəhər Heydər Əliyev Mərkəzində baş tutub. Yubiley mərasimi Azərbaycan ədəbiyyatına, milli-mənəvi dəyərlərimizə və Bəxtiyar Vahabzadənin çoxşaxəli yaradıcılığına ehtiramın bariz nümunəsi kimi yadda qalıb.

Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin nümayəndələri, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları, Yeni Azərbaycan Partiyasının Şəki şəhər Təşkilatı, Şəki-Zaqatala Regional Təhsil və Mədəniyyət İdarələrinin təmsilçiləri iştirak ediblər.

Eyni zamanda Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin üzvləri, Şəki şəhər Məhkəməsinin hakimi Pərvanə Məmmədova, UNEC-in Zaqatala filialı, ADPU-nun Şəki filialı, Mingəçevir Dövlət Universitetinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və region məktəblərinin şagirdləri tədbirə qatılıblar.

Tədbir çərçivəsində ilk dəfə olaraq Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr edilmiş, süni intellekt texnologiyaları əsasında hazırlanmış videoçarx nümayiş olunub. Bu videoçarx şairin poetik dünyasını müasir texnologiyaların imkanları ilə tamaşaçılara təqdim edib.

Süni intellekt vasitəsilə hazırlanmış videoçarx Bəxtiyar Vahabzadənin həyat yolu, ədəbi irsi və milli düşüncə tərzi haqqında dolğun təsəvvür yaradaraq iştirakçıların xüsusi marağına səbəb olub.

Tədbirin rəsmi hissəsində açılış nitqləri ilə UNEC-in Zaqatala filialının direktoru Raqif Qasımov, ADPU-nun Şəki filialının direktor müavini Gülnarə Abdullayeva çıxış ediblər. Onlar şairin Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan bəhs ediblər.

Bəxtiyar Vahabzadənin Ev Muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova da çıxış edərək şairin irsinin təbliğinin əhəmiyyətini vurğulayıblar.

AMEA-nın Dilçilik İnstitutunun Toponimika şöbəsinin müdiri, Milli Məclisin Toponimika Komissiyasının üzvü Elçin İsmayılov-Muradxanlı və Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri iş sektorunun müdiri Elvin Qarayev Bəxtiyar Vahabzadənin elmi və mədəni irsindən danışıblar.

Tədbirin bədii hissəsində Mingəçevir Dövlət Universitetinin əməkdaş və tələbələrinin, eləcə də Şəki-Zaqatala Regional Təhsil İdarəsinə tabe olan ümumtəhsil məktəblərinin şagirdlərinin ifasında Xalq Şairinin vətənpərvərlik ruhunda yazılmış şeirləri səsləndirilib.

Bədii proqram çərçivəsində musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib və tədbir Bəxtiyar Vahabzadənin zəngin yaradıcılığına bir daha işıq tutaraq iştirakçıların yaddaşında silinməz iz buraxıb.


Esmira Hidayətova, Şəki