Leyla Əliyeva Mingəçevirdə musiqi təhsili ilə tanış oldu — Məktəbə 30-dan çox musiqi aləti hədiyyə etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevir şəhərinə səfəri çərçivəsində Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində olub.

Səfər zamanı Leyla Əliyeva məktəbin müxtəlif ixtisas siniflərində aparılan tədris prosesi ilə yaxından tanış olub. O, tar, kamança, qarmon, violin, fortepiano və digər musiqi ixtisasları üzrə keçirilən dərsləri izləyərək müəllim və şagirdlərlə söhbət edib, onların hazırlıq səviyyəsi və tədris metodları barədə məlumat alıb.

Bildirilib ki, 70 ildən artıq tarixə malik bu məktəb Azərbaycanda musiqi təhsili ənənələrinin qorunub saxlanılması və inkişafında mühüm rol oynayır, ölkənin tanınmış ifaçı və müəllimlərinin yetişdiyi nüfuzlu tədris ocaqlarından biridir.

Hazırda məktəbdə fortepiano, violin, tar, qarmon, kamança, nağara və xanəndəlik kimi ixtisaslar üzrə peşəkar təhsil verilir.

Təhsil ocağının kollektivi vurğulayıb ki, şagirdlər yerli və beynəlxalq müsabiqələrdə mütəmadi olaraq iştirak edir, müxtəlif nominasiyalar üzrə yüksək nəticələr əldə edərək məktəbin adını layiqincə təmsil edirlər. Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən məktəb 2011-ci ildən etibarən onbirillik musiqi təhsili sistemi ilə fəaliyyət göstərir və hazırda 600-dən çox şagird burada təhsil alır.

Tədrisin daha da təkmilləşdirilməsi, şagirdlərin peşəkar hazırlıq imkanlarının genişləndirilməsi məqsədilə Leyla Əliyeva məktəbə 30-dan çox yeni musiqi aləti — tar, kamança, qarmon, violin, royal, piano və digər zəruri avadanlıqları hədiyyə edib. Bu dəstək təhsil müəssisəsinin maddi-texniki bazasının güclənməsinə, tədris imkanlarının genişlənməsinə və şagirdlərin fərdi inkişafına mühüm töhfə verəcək.

Məktəbin rəhbərliyi və kollektivi Leyla Əliyevaya göstərdiyi diqqətə və dəstəyə görə təşəkkürünü bildirib, bu hədiyyənin musiqi təhsilinin keyfiyyətinin artırılmasına böyük stimul verəcəyini qeyd edib.
Bolge.az komandası..