Mərkəzi Aran regionunda məktəbəqədər və ümumi təhsil müəssisələrinin həmkarlar ittifaqları ilə geniş tərkibli görüş keçirilib
Bu gün Mərkəzi Aran regionunda fəaliyyət göstərən məktəbəqədər və ümumi təhsil müəssisələrinin ilk həmkarlar ittifaqı sədrlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib.

Toplantı Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutub.

Görüşdə Yevlax, Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayon həmkarlar ittifaqları komitələrini təmsil edən nümayəndələr, eləcə də ümumilikdə 520 ilk təşkilat sədri iştirak edib.

Tədbirin əsas məqsədi region üzrə həmkarlar ittifaqlarının fəaliyyətini koordinasiya etmək, mövcud problemləri müzakirə etmək və birgə həll yolları müəyyənləşdirmək olub.

Müzakirələr zamanı sosial müdafiə məsələləri, təhsil işçilərinin hüquqi təminatı, əmək münasibətlərində şəffaflığın artırılması, həmçinin təşkilat üzvləri ilə birbaşa dialoqun daha da gücləndirilməsi prioritet mövzular kimi diqqətə çatdırılıb. Qeyd olunub ki, həmkarlar ittifaqları əməkdaşların hüquqlarının qorunmasında, onların sosial təminatının yaxşılaşdırılmasında vacib rol oynayır.

Tədbirdə çıxış edənlər son dövrlər regionda həyata keçirilən fəaliyyətlər, mövcud çağırışlar və qarşıdakı mərhələdə nəzərdə tutulan planlar barədə fikirlərini bölüşüblər.

Həmçinin ilk təşkilat sədr və nümayəndələrinin təklifləri dinlənilib, bir sıra istiqamətlər üzrə praktiki addımların atılması barədə qərarlar qəbul edilib.

Görüş iştirakçıları bildirib ki, bu cür toplantılar həmkarlar ittifaqlarının region üzrə təşkilati birliyinin gücləndirilməsi, həmçinin əməkdaşlıq mühitinin daha da inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüş Mərkəzi Aran regionunda həmkarlar hərəkatının dinamik inkişafına yeni impuls verən önəmli platforma kimi qiymətləndirilir.
Bölgə.az