MDU-da qiyabi təhsil alan tələbələrlə görüş: Rektor Anar Eminovdan keyfiyyət və şəffaflıq mesajı
2026-cı il yanvarın 6-da Mingəçevir Dövlət Universitetində (MDU) qiyabi formada təhsil alan tələbələrlə görüş keçirilib. Görüşdə universitetin rektoru Anar Eminov iştirak edərək tələbələrlə birbaşa ünsiyyət qurub, qiyabi təhsilin mövcud vəziyyəti və gələcək perspektivləri barədə ətraflı fikirlərini bölüşüb.

Çıxışı zamanı rektor Anar Eminov qiyabi təhsilin Mingəçevir Dövlət Universiteti üçün prioritet istiqamətlərdən biri olduğunu xüsusi vurğulayıb. O bildirib ki, bu formada təhsil alan tələbələrin keyfiyyətli tədrisə çıxış imkanlarının genişləndirilməsi, müasir təhsil resurslarından istifadə imkanlarının artırılması, eləcə də şəffaf və obyektiv qiymətləndirmə mexanizmlərinin tətbiqi universitet rəhbərliyinin daim diqqət mərkəzindədir.

Rektor eyni zamanda qeyd edib ki, qiyabi formada təhsil alan tələbələr əyani təhsil alan tələbələrlə bərabər hüquq və imkanlara malikdirlər və onların akademik inkişafı, bilik və bacarıqlarının yüksəldilməsi universitet üçün xüsusi əhəmiyyət daşıyır.

Görüş zamanı qiyabi təhsil alan tələbələrin tədris prosesi, akademik göstəriciləri, imtahan sessiyasının təşkili, elektron universitet modeli çərçivəsində tətbiq olunan yeniliklər, rəqəmsal platformalardan istifadə imkanları, həmçinin tələbələrin sosial və akademik ehtiyacları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tələbələr çıxış edərək onları maraqlandıran məsələləri səsləndirib, tədris prosesinin daha da təkmilləşdirilməsi ilə bağlı təklif və istəklərini bildiriblər. Rektor Anar Eminov qaldırılan məsələlərə münasibət bildirərək, səsləndirilən təkliflərin nəzərə alınacağını və müvafiq istiqamətlər üzrə addımlar atılacağını qeyd edib.

Görüşün sonunda rektor Anar Eminov tələbələrə təhsil həyatlarında uğurlar arzulayıb, onların fəallığının və təşəbbüskarlığının universitet üçün önəmli olduğunu diqqətə çatdırıb.

Esmira Hidayətova, Mingəçevir