MDU-da şəhid qardaşların xatirəsinə həsr olunmuş film təqdimatı keçirilib
Mingəçevir Dövlət Universitetində şəhid qardaşlar Musa və Tural Həsənovların xatirəsinə həsr olunmuş film təqdimatı keçirilib.

2025-ci il noyabrın 24-də Mingəçevir Dövlət Universitetində (MDU) Vətən müharibəsi şəhidləri Musa Həsənov və Tural Həsənov qardaşlarının xatirəsinə həsr olunmuş film təqdimatı təşkil olunub. Universitetin Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən film təqdimatı şəhid ailələrinin tanıdılması, gənclərdə vətənpərvərlik ruhunun gücləndirilməsi və qəhrəmanlarımızın müqəddəs xatirəsinin yaşadılması məqsədi daşıyıb.

Öncə Ümummilli lider Heydər Əliyev və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən MDU-nun rektoru Anar Eminov Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin Azərbaycan xalqı üçün müqəddəs dəyər olduğunu bildirib. O qeyd edib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı dövlət siyasətinin mühüm istiqamətlərindən biridir və MDU-da bu dəyərin yaşadılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi daim prioritetdir.

Açılış nitqindən sonra, şəhid qardaşların anası Nəhayət Həsənova çıxış edərək universitet rəhbərliyinə gənclərin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində atdıqları addımlara görə təşəkkürünü bildirib, övladlarının xatirəsinin belə tədbirlər vasitəsilə yaşadılmasının ailələri üçün böyük mənəvi dayaq olduğunu vurğulayıb.

Tədbirdə şəhidlərin həyat yolunu, döyüş qəhrəmanlıqlarını və ailələrinin yaşadıqları çətinlikləri əks etdirən film nümayiş olunub. Film izləyicilərdə böyük emosional təsir yaradıb, şəhid qardaşların Vətənə olan sədaqət və mərdliyi bir daha dəyərləndirilib.
Təqdimatın sonunda MDU tələbələri şəhidlərə həsr olunmuş şeirlər səsləndirərək onların müqəddəs ruhuna ehtiramlarını bildiriblər.