Mingəçevirə 14 ildən sonra qatar gəldi
Gəncə–Mingəçevir–Ağstafa marşrutunun istifadəyə verilməsi Mingəçevir şəhərinin turizm potensialının daha da artırılmasına şərait yaradacaq.

Bu münasibətlə Mingəçevir Dəmir Yolu Vağzalının akt zalında açılış tədbiri keçirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə rəsmi qonaqlar və mətbuat nümayəndələri iştirak ediblər. Açılış mərasimində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək qonaqları salamlayıb. O qeyd edib ki, mingəçevirlilər həmişə dəmir yolu nəqliyyatının xidmətindən istifadə etməyi arzulayıblar və nəhayət, bu arzu gerçəkləşib. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi göstərişi və qayğısı ilə mümkün olub.

İcra başçısının sözlərinə görə, “Azərbaycan Dəmir Yolu” qısa müddətdə Mingəçevirdə bütün şəraiti olan geniş vağzal binası inşa edib, müasir tələblərə cavab verən sürətli qatar marşrutunu istifadəyə verib.

İlham İsmayılov Prezident İlham Əliyevin müstəqil dövlətimizin möhkəmləndirilməsi və xalqın rifahının yüksəldilməsi naminə həyata keçirdiyi siyasəti yüksək qiymətləndirib. O həmçinin vurğulayıb ki, yeni marşrut şəhərin turizm potensialının daha da inkişafına töhfə verəcək.

Tədbirdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Arif Ağayev, Gəncə və Mingəçevirin millət vəkilləri və digər rəsmi qonaqlar da çıxış edərək öz təbriklərini çatdırıblar.

ADY Kommunikasiya Departamentinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev jurnalistlərə açıqlamasında bildirib ki, sərnişin məmnuniyyətinin artırılması və bölgələrdə nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə ilk dəfə olaraq regiondaxili marşrut üzrə sərnişin daşımalarına başlanılır.
Onun sözlərinə görə, 28 sentyabr 2025-ci ildən etibarən müasir elektrik qatarları ilə Gəncə–Mingəçevir–Ağstafa marşrutu üzrə gündə iki dəfə sərnişinlərə xidmət göstəriləcək. Sərnişinlər Mingəçevir, Mingəçevir-Baş, Goran, Gəncə, Dəllər, Qovlar, Tovuz və Ağstafa stansiyalarından istifadə edə biləcəklər.

Qatarlarda standart, standart+, biznes və birinci sinif üzrə səyahət imkanları təklif olunacaq. Gəncə–Mingəçevir istiqamətində biletlərin minimum qiyməti 2,60 manat, Mingəçevir–Ağstafa istiqamətində isə 6,80 manat təşkil edəcək. Bundan əlavə, sərnişinlər səfər zamanı ödənişsiz “Wi-Fi” xidmətindən yararlana biləcəklər.
Bəxtiyar Hacıyev əlavə edib ki, yeni marşrut sərnişin daşımalarında nəzərəçarpacaq artıma səbəb olacaq. Bu layihə Gəncə, Mingəçevir, Tovuz və Ağstafa şəhərlərinin, eləcə də Goran, Dəllər və Qovlar qəsəbələrinin sakinləri üçün nəqliyyatın əlçatanlığını artıracaq, sərnişinlərə daha rahat, təhlükəsiz və sərfəli səyahət imkanı yaradacaq.

Ümumilikdə, marşrutun istifadəyə verilməsi bölgələrin sosial-iqtisadi inkişafına, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na uyğun olaraq paytaxt və regionların tarazlı inkişafına dəstək verəcək. Bununla yanaşı, Mingəçevirin turizm potensialının yüksəlməsinə də mühüm töhfə olacaq.
Esmira Hidayətova, Mingəçevir