Mingəçevir Dövlət Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

InShot_20251106_114222479

8 Noyabr – Zəfər Günü münasibətilə Mingəçevir Dövlət Universitetində “Qarabağ Azərbaycandır – Zəfərin Sədası” adlı tədbir keçirilib.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, universitetin rektoru Anar İmamquliyev, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisə rəhbərləri, eləcə də şəhərin qonaqları iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun rəşadəti və xalqımızın birliyi nəticəsində əldə olunduğunu vurğulayıblar.

Tədbir zamanı Zəfər Gününün tarixi əhəmiyyəti, şəhid və qazilərin qəhrəmanlığı, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi barədə fikirlər səsləndirilib.

Sonda universitet tələbələrinin ifasında vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olunub.