Mingəçevir məktəblərində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə tədbiri keçirilib
Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə narkomaniya və onun fəsadları, yol hərəkətinin təhlükəsizliyi və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbir keçirilib.

Tədbirdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Ədalət Əliyev şagirdlərə Polis Akademiyasına qəbulun şərtləri, üstünlükləri və orada yaradılmış maddi-sosial baza haqqında geniş məlumatlar verib. Şagirdlərə Polis Akademiyasının tədris korpusu və yataqxana kompleksindən bəhs edən videoçarx nümayiş etdirilib.

Polis rəisi Ədalət Əliyev aktual mövzu ilə bağlı narkomaniyanın insanlıq əleyhinə böyük bəlaya çevrildiyini qeyd edərək onun zərərləri barədə şagirdlərə ətraflı məlumat verib, səbəb olduğu faciələrdən real faktlara istinad edib. O, narkomaniyaya qarşı mübarizədə cəmiyyətin hər bir üzvünün fəallıq nümayiş etdirməsinin zəruriliyini vurğulayıb.

Rəis bildirib ki, narkomaniyanın qurbanına çevrilən gənclər bu yola məlumatsızlıqdan və iradələrinin zəifliyindən düşürlər.

Əgər onlar gələcəkdə başlarına gələcək müsibətlərdən xəbərdar olsalar, əlbəttə ki, vaxtında özlərini qorumağı bacararlar. Ədalət Əliyev, həmçinin, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən danışıb və yeniyetmələrə belə zərərli vərdişlərdən uzaq olmalarını tövsiyə edib.

Bundan əlavə, tədbir çərçivəsində yol hərəkəti qaydalarının gənclər arasında təbliğ olunması, antinarkotik təbliğatın gücləndirilməsi və digər zərərli vərdişlərə qarşı Polis Şöbəsinin digər əməkdaşları da çıxış edərək şagirdləri maarifləndiriblər.

Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Esmira Hidayətova, Mingəçevir