Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirilib
Yanvarın 21-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın növbəti iclası keçirilib. İclasda şura üzvləri, şəhər təsərrüfatının müəssisə, idarə və təşkilat rəhbərləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

İclasın gündəliyinə üç əsas məsələ çıxarılıb. Bunlar Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın və İcra Hakimiyyəti başçısı aparatının 2026-cı il üçün iş planının təsdiqi, İcra Hakimiyyəti başçısı aparatı yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 2025-ci ilə dair illik hesabatı, həmçinin 2025-ci ildə İcra Hakimiyyəti aparatına daxil olmuş sənədlərə, vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması vəziyyəti olub.

İclasda çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yetkinlik yaşına çatmayanların işləri üzrə komissiyanın fəaliyyətinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bu məsələ ətrafında çıxış edənlər uşaq hüquqlarının müdafiəsi, risk altında olan uşaqların vaxtında müəyyən edilməsi, onların təhlükələrdən qorunması, yeniyetmələrin sağlamlığına və mənəviyyatına mənfi təsir göstərən halların qarşısının alınması istiqamətində görülən işlər və mövcud problemlər barədə məlumat veriblər.

Müzakirələr zamanı komissiyanın fəaliyyətinin gücləndirilməsi, profilaktik tədbirlərin artırılması və aidiyyəti qurumlar arasında koordinasiyanın daha da yaxşılaşdırılması ilə bağlı təkliflər irəli sürülüb. Eyni zamanda, vətəndaş müraciətlərinə baxılmasında operativliyin təmin olunmasının vacibliyi vurğulanıb.
İclasın yekununda İcra Hakimiyyətinin başçısı bəzi nöqsan və çatışmazlıqlara toxunaraq işinə məsuliyyətsiz yanaşan rəhbərlərə ciddi iradlar bildirib. O, növbəti şura iclasınadək bu çatışmazlıqların aradan qaldırılacağına əminliyini ifadə edib və müvafiq şöbələrə konkret tapşırıq və tövsiyələr verib. Gündəlikdə olan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.

Esmira Hidayətova, Mingəçevir