Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi vətəndaşlara müraciət etdi: “Dələduzlara aldanmayın”
Son dövrlərdə sosial şəbəkələr vasitəsilə həyata keçirilən dələduzluq halları artmaqda davam edir. İnsanların etibarından və məlumatsızlığından istifadə edən fırıldaqçılar müxtəlif “yardım kampaniyası”, “pul qazanmaq fürsəti” və ya “sosial layihə” adı altında vətəndaşları aldadaraq onların bank hesablarına və şəxsi məlumatlarına daxil olurlar.
Mingəçevir Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev bu məsələ ilə bağlı şəhər İcra Hakimiyyətində keçirilən görüşdə çıxış edərək sakinlərə müraciət edib. O, bildirib ki, son vaxtlar 102 Xidməti-Zəng Mərkəzinə və şəhər polis şöbəsinə dələduzluq faktları ilə bağlı müraciətlərin sayı artmaqdadır.
Ədalət Əliyev qeyd edib ki, bu cür halların qarşısının alınması üçün hər bir vətəndaş diqqətli olmalı, tanımadığı şəxslərə, xüsusilə sosial şəbəkə və messencerlər üzərindən gələn şübhəli linklərə və ya ödəniş tələblərinə etibar etməməlidir.
“Dələduzlar adətən insanların inamından sui-istifadə edirlər. Onlar müxtəlif sosial və xeyriyyə aksiyaları adı ilə vətəndaşlardan kart məlumatlarını və ya SMS kodlarını ələ keçirməyə çalışırlar. Vətəndaşlardan xahiş edirəm ki, belə hallarla rastlaşdıqda dərhal 102-yə və ya Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət etsinlər,” – deyə polis rəisi bildirib.
Polis rəisi həmçinin əlavə edib ki, hüquq-mühafizə orqanları tərəfindən dələduzluq halları ilə mübarizə istiqamətində maarifləndirmə tədbirləri davam etdiriləcək.