Mingəçevir sakinləri səyyar görüşdə nələrdən danışıblar? – FOTOLAR

InShot_20251218_202206137

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən şəhərin müxtəlif yaşayış məntəqələrində sakinlərlə mütəmadi olaraq səyyar görüşlər təşkil edilir. Artıq 2025-ci ilin sonuna yaxınlaşdıqca bu formatda keçirilən görüşlər daha da intensivləşib və vətəndaşların problemlərinin yerində dinlənilməsi əsas prioritetlərdən biri kimi önə çıxır.

Belə görüşlərdə şəxsən iştirak edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov sakinləri narahat edən məsələlərlə yaxından tanış olur, qaldırılan problemlərin həlli ilə bağlı aidiyyəti qurumlara yerindəcə konkret tapşırıqlar verir. Məqsəd müraciətlərin süründürməçiliyə yol verilmədən operativ şəkildə həllinə nail olmaqdır.

Bu gün keçirilən növbəti səyyar görüş Az.DRES qəsəbəsinin sakinləri ilə baş tutub. Görüş zamanı vətəndaşlar açıq mikrofon qarşısında çıxış edərək gündəlik həyatlarında üzləşdikləri çətinliklər, sosial və infrastruktur problemləri barədə icra başçısını ətraflı məlumatlandırıblar.

Sakinlərin irad və təkliflərini diqqətlə dinləyən İlham İsmayılov hər bir müraciətin qeydə alındığını bildirib və problemlərin həlli üçün müvafiq dövlət qurumlarına tapşırıqlar verib. Qeyd olunub ki, səsləndirilən məsələlər nəzarətdə saxlanılacaq və mərhələli şəkildə aradan qaldırılacaq.

Görüşdə Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, Şəhər Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev, bələdiyyə sədri Anar İsmayılov, idarə və müəssisə rəhbərləri, eləcə də mətbuat nümayəndələri iştirak ediblər. Bu da qaldırılan məsələlərin kompleks şəkildə araşdırılmasına imkan yaradıb.

 

Az.DRES qəsəbə sakinlərini daha çox narahat edən əsas problemlərdən biri 30 minə yaxın əhalisi olan qəsəbədə cəmi bir təcili tibbi yardım avtomobilinin fəaliyyət göstərməsidir. Sakinlər bu vəziyyətin fövqəladə hallarda ciddi çətinliklər yaratdığını vurğulayıblar.

Bundan başqa, görüş zamanı kanalizasiya sisteminin vəziyyəti, küçə və məhəllələrdə işıqlandırmanın tez-tez söndürülməsi, eləcə də digər kommunal və sosial məsələlər də səsləndirilib. Hər bir problem üzrə məsul qurumların nümayəndələrinə konkret göstərişlər verilib.

Sonda çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirib ki, ölkə Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşlarla keçirilən bu cür görüşlərdə qaldırılan problemlərin böyük əksəriyyəti qısa müddət ərzində öz həllini tapır. O, Prezidentin rəhbərliyi ilə regionlarda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları çərçivəsində Mingəçevirdə görülən quruculuq işlərindən danışaraq əsas məqsədin vətəndaşların rifah halının yüksəldilməsi və şəhərdə yeni layihələrin reallaşdırılması olduğunu vurğulayıb.

Esmira Hidayətova, Mingəçevir