Mingəçevirdə növbəti səyyar görüş: sakinlərin müraciətləri dinlənildi, problemlərin həlli istiqamətində tapşırıqlar verildi
Mingəçevirdə növbəti səyyar görüş: sakinlərin müraciətləri dinlənildi, problemlərin həlli istiqamətində tapşırıqlar verildi

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov fəaliyyətə başladığı ilk gündən şəhər sakinləri ilə mütəmadi səyyar görüşlər keçirərək onların müraciətlərini dinləyir, qaldırılan məsələlərin operativ və səmərəli həlli üçün tapşırıqlar verir. Artıq bu görüşlər şəhərin idarəetmə həyatında bir ənənəyə çevrilib və davamlı şəkildə həyata keçirilir.

Bu gün növbəti səyyar görüş keçirilib. Görüşdə Mingəçevir şəhər prokuroru Pərvin Quliyev, Şəhər Polis Şöbəsinin rəisi Ədalət Əliyev, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, eləcə də şəhərin müxtəlif məhəllə və küçələrindən gəlmiş sakinlər, idarə və müəssisə rəhbərləri, kommunal xidmət nümayəndələri və mətbuat işçiləri iştirak ediblər.

Tədbiri açan şəhər rəhbəri İlham İsmayılov çıxışında ölkəmizdə və Mingəçevirdə həyata keçirilən sosial-iqtisadi inkişaf tədbirləri barədə ətraflı məlumat verib. O, qeyd edib ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Mingəçevirdə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir, şəhərin siması sürətlə yenilənir.

İcra başçısı vurğulayıb ki, sakinləri narahat edən problemlərin həlli hər zaman diqqət mərkəzində saxlanılır. Görüş zamanı vətəndaşlar tərəfindən səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll olunub, digər məsələlərin araşdırılması və qısa zamanda nəticələnməsi üçün aidiyyəti strukturlara tapşırıqlar verilib.

Sakinlər öz növbəsində şəhərdə aparılan yenidənqurma işlərindən, abadlıq tədbirlərindən və sosial rifahın yüksəldilməsinə yönəlmiş layihələrdən razılıqlarını bildiriblər.
Belə səyyar görüşlərin mütəmadi keçirilməsi Mingəçevirin daha da abad, inkişaf etmiş bir şəhərə çevrilməsinə, sakinlərlə yerli idarəetmə orqanları arasında səmimi dialoqun formalaşmasına xidmət edir.