“NASCO XXVIII gənc elmin gələcəyinə verilən strateji dəstəyin bariz nümunəsidir”
“2025-ci il 16 dekabr tarixində keçirilən doktorant və gənc tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı (NASCO XXVIII) ölkəmizdə elmi mühitin gücləndirilməsi, gənc alimlərin potensialının üzə çıxarılması və akademik əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə reallaşan bu mötəbər tədbir elmin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin real təzahürüdür.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən NASCO XXVIII konfransı gənc tədqiqatçıların müasir çağırışlara cavab verən elmi yanaşmalarının formalaşması, innovativ ideyalarının dəstəklənməsi və onların beynəlxalq elmi mühitə inteqrasiyası üçün mühüm platforma rolunu oynayır. Konfrans çərçivəsində müxtəlif elm sahələrini əhatə edən aktual mövzuların müzakirəsi, elmi məruzələrin təqdimatı və təcrübə mübadiləsi gənc alimlərin elmi dünyagörüşünün genişlənməsinə əhəmiyyətli töhfə verir.
Region ali təhsil müəssisələrinin bu cür nüfuzlu elmi platformada fəal iştirakı ölkədə elmi-tədqiqat fəaliyyətinin balanslı və davamlı inkişafına xidmət edir. Xüsusilə region universitetləri üçün NASCO XXVIII kimi konfranslar elmi potensialın üzə çıxarılması, universitetlərarası əməkdaşlığın möhkəmləndirilməsi və birgə elmi layihələrin təşviqi baxımından mühüm imkanlar yaradır.
Mingəçevir Dövlət Universiteti olaraq biz gənc tədqiqatçıların elmi fəaliyyətini daim prioritet istiqamət kimi qiymətləndirir, onların təşəbbüslərini dəstəkləyir və belə mötəbər elmi tədbirlərdə fəal iştirakını vacib hesab edirik. NASCO XXVIII Respublika Elmi Konfransı bir daha sübut edir ki, gənc alimlərin elmi inkişafına qoyulan sərmayə ölkənin intellektual gələcəyinə verilən ən dəyərli töhfədir.
Əminəm ki, bu konfrans çərçivəsində aparılan elmi müzakirələr və qurulan akademik əlaqələr gələcəkdə daha sanballı elmi nəticələrin əldə olunmasına, elmin cəmiyyət və dövlət üçün strateji rolunun daha da güclənməsinə xidmət edəcəkdir.”
Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov: