Rauf Əsgərov: “Şəhərin yaşıl simasını qorumaq əsas prioritetimizdir”

InShot_20251118_122856376

Mingəçevirdə yaşıllaşdırma işləri genişləndirilir — İdarə rəsmisi: “Şəhərin yaşıl simasını qorumaq əsas prioritetimizdir”

Mingəçevir şəhərində abadlıq və yaşıllaşdırma tədbirləri planlı şəkildə genişləndirilməkdədir. Bu barədə saytımıza məlumat verən Mingəçevir Şəhər İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin müdir müavini Rauf Əsgərov bildirib ki, şəhərin yaşıl fondunun qorunması və artırılması istiqamətində işlər il ərzində fasiləsiz aparılır.

Rauf Əsgərovun sözlərinə görə, Mingəçevirin mərkəzdən kənar ərazilərində də geniş yaşıllıq zolaqları salınır, yeni park və istirahət guşələri yaradılır. Hər il təxminən 3 000–3 500 ədəd müxtəlif növ ağac, xüsusilə şam və selvi ağacları əkilir. Bu addım şəhərin ekoloji tarazlığının qorunması və Mingəçevirdə yaşıl sahələrin genişləndirilməsi məqsədini daşıyır.

Müdir müavini qeyd edib ki, ölkə başçısının tapşırıqlarına uyğun olaraq şəhərdə abadlıq, təmizlik və yaşıllıq sahələrinin artırılması istiqamətində kompleks tədbirlər həyata keçirilir:

Şəhərin küçə və prospektlərində mütəmadi təmizlik işləri aparılır. Yeni park və istirahət məkanları salınır və abadlaşdırılır. Nümunəvi məhəllələrin yaradılması üzrə işlər plan üzrə davam etdirilir.

Yaşıllıq sahələrinin suvarılması və qorunması üçün yeni mexanizmlər tətbiq olunur.Rauf Əsgərov vurğulayıb ki, Mingəçevirdə son illər həyata keçirilən ekoloji layihələr şəhərin ümumi görünüşünə müsbət təsir göstərib və bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.

Esmira Hidayətova, Mingəçevir