Şəhər rəhbərliyi və MDU kollektivi Heydər Əliyevin abidəsini ziyarət etdi
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Mingəçevir Şəhər Təşkilatının sədri, Mingəçevir Bələdiyyəsinin sədri, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov və universitetin akademik-inzibati heyəti Ümummilli Lider Heydər Əliyevin Anım Günü münasibətilə abidəsini ziyarət ediblər. Şəhər rəsmilərinin və ictimaiyyət nümayəndələrinin bir araya gəlməsi Ulu Öndərin xalqımız üçün əvəzsiz xidmətlərinə olan dərin ehtiramın bariz göstəricisi oldu.

Tədbir iştirakçıları abidə önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini böyük hörmət və minnətdarlıqla yad ediblər. Ziyarət zamanı sükut anı elan olunub və Heydər Əliyevin ölkənin siyasi, sosial və mədəni həyatında buraxdığı dərin izlər bir daha xatırlanıb. Tədbirin ümumi ab-havası Ulu Öndərə olan sədaqət və ehtiram hissi ilə əhatələnib.

Çıxış edən şəhər rəsmiləri bildiriblər ki, Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan qısa müddətdə stabil inkişaf yoluna çıxmış, dövlət quruculuğu prosesində mühüm nailiyyətlər əldə olunmuşdur. O, ölkənin müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm addımlar atmış lider kimi yaddaşlarda əbədi yer alıb.

Ziyarət zamanı həmçinin Heydər Əliyevin təhsil və elm sahəsinə göstərdiyi xüsusi diqqət vurğulanıb. Qeyd olunub ki, Ulu Öndərin bu sahədə müəyyənləşdirdiyi strateji inkişaf xətti bu gün də uğurla davam etdirilir və gənc nəslin savadlı, vətənpərvər ruhda yetişdirilməsində mühüm rol oynayır. Tədbir iştirakçıları Ulu Öndərin zəngin irsinin gələcək nəsillər tərəfindən də daim yaşadılacağına əminliklərini ifadə ediblər.

Esmira Hudayətova, Mingəçevir