Şəhid və qazi övladları üçün Mingəçevirdə unudulmaz bayram şənliyi
Dekabrın 29-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid və qazi övladları üçün xüsusi bayram şənliyi təşkil olunub. Sahil parkında yerləşən “Qədiroğlu” restoranında keçirilən bu xoş məramlı tədbir balacalara unudulmaz anlar yaşadıb, onların bayram sevincinə sevinc qatıb.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər Polis Şöbəsinin rəisi, Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, şəhər Bələdiyyəsinin sədri Anar İsmayılov, şəhid və qazi övladları, onların ailə üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. Bayram şənliyi səmimi və yüksək əhval-ruhiyyə şəraitində keçib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin təqdim etdiyi ədəbi-bədii kompozisiya, mahnılar, şeirlər və rəqslər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Balacalar öz rəqsləri, səhnəcikləri və maraqlı çıxışları ilə bayram şənliyinə xüsusi rəng qatıblar. Yeni ilin sevimli personajları olan Şaxta Baba, Qar qızı və digər nağıl qəhrəmanları uşaqlarla birlikdə əylənib, xatirə şəkilləri çəkdiriblər. Bu anlar uşaqların üzündə sevinc, qəlbində xoş təəssüratlar yaradıb.

Tədbirdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov balacalarla bir arada olmaqdan məmnunluğunu bildirib, şəhid və qazi övladlarını, onların timsalında bütün ailələri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin və qazilərimizin şücaəti sayəsində torpaqlarımız işğaldan azad olunub, ölkəmizin ərazi bütövlüyü təmin edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün dünyada böyük nüfuz qazanıb.

Şəhər rəhbəri həmçinin dövlət tərəfindən şəhid ailələrinə, qazilərə və onların övladlarına göstərilən diqqət və qayğının davamlı olduğunu qeyd edib, Heydər Əliyev Fondunun sədri Mehriban xanım Əliyevanın uşaqlara olan xüsusi münasibətini vurğulayıb. Tədbirin sonunda 115 şəhid və qazi övladına Yeni il hədiyyələri təqdim olunub. Bayram şənliyi uşaqların sevinc dolu gülüşləri və xoş arzularla başa çatıb.
Esmira Hidayətova, Mingəçevir