Türkiyə mediasında Azərbaycana qarşı “Eurovision” dezinformasiyası yayıldı
Çox təəssüflə qeyd edilməlidir ki, dost və qardaş Türkiyənin bəzi media qurumları və iri sosial media hesabları Azərbaycana qarşı dezinformasiya kampaniyasını davam etdirir.
Belə ki, dünəndən etibarən Türkiyənin sosial media seqmentində guya Azərbaycanın “Eurovision-2026-da İsrail iştirak etməyəcəksə, biz də qatılmayacağıq” kimi açıqlama verdiyi iddia olunur. Halbuki belə bir bəyanat heç vaxt səsləndirilməyib. Əksinə, Azərbaycan tərəfi “Eurovision” mahnı müsabiqəsinə qatılmaq niyyətini daha əvvəlcədən bəyan edib.
Məsələ ilə bağlı konkret nümunələr də mövcuddur. Türkiyənin Akit TV kanalı bu barədə əsassız xəbər yayımlayıb, qardaş ölkənin ən böyük sosial media səhifələrindən olan “Baho” isə həmin məlumatı paylaşaraq geniş auditoriyaya çatdırıb.
Mütəxəssislər bildirirlər ki, bu tipli xəbərlər qardaşlıq münasibətlərinə xələl gətirmək məqsədi daşıyır. Azərbaycan ictimaiyyətində də hesab olunur ki, bu cür feyk xəbərlərə ən düzgün cavabı sosial şəbəkə istifadəçiləri verməlidir. Çünki belə iddialara vaxtında reaksiya göstərilmədikdə, yalan məlumatların miqyası daha da böyüyür və yanlış təsəvvürlər formalaşdırır.