Mingəçevirdə “Bələdiyyə Kuboku” başa çatdı – qaliblər bəlli oldu

InShot_20251031_213327762

Mingəçevirdə “Bələdiyyə Kuboku” mini-futbol turniri başa çatdı

Bu gün Mingəçevir şəhər stadionunda “Şəhər günü” münasibətilə təşkil olunan “Bələdiyyə Kuboku” uğrunda mini-futbol turnirinə yekun vurulub. İki gün davam edən yarış şəhərin idman həyatında xüsusi canlanma yaradıb və gənclər arasında sağlam rəqabət mühiti formalaşdırıb.

Turnir Mingəçevir Bələdiyyəsinin təşkilatçılığı, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin, eləcə də şəhərin müxtəlif idman qurumlarının dəstəyi ilə baş tutub. Yarışda Uşaq-Gənclər İdman Məktəbinin (UGİM) nəzdində fəaliyyət göstərən komandalar iştirak ediblər. Komandalar arasında baş tutan qarşılaşmalar gərgin idman mübarizəsi və azarkeşlərin böyük marağı ilə yadda qalıb.

Bağlanış mərasimində Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Dövlət Turizm Agentliyinin Mingəçevir Regional Turizm İdarəsinin rəisi Tural Kərimov və şəhid Atik İbrahimovun atası Ariz İbrahimov çıxış ediblər.

Çıxış edənlər gəncləri yarışda göstərdikləri yüksək idman ruhuna görə təbrik edib, belə tədbirlərin gənclər arasında dostluq, həmrəylik və sağlam həyat tərzinin təbliğinə mühüm töhfə verdiyini vurğulayıblar.

Yarışın yekun nəticəsinə əsasən, birinci yeri “UGİM-1”, ikinci yeri “Şəhid Atik-1”, üçüncü yeri isə “Ulduzlar-2” komandası tutub. Fərdi nominasiyalar üzrə də qaliblər müəyyənləşib: “Ən yaxşı hücumçu” adına Elmir Xəlilzadə, “Ən məhsuldar oyunçu” adına isə Nihad Dadaşov layiq görülüb.

Qalib komandalar və fərqlənən idmançılar Mingəçevir Bələdiyyəsi tərəfindən “Bələdiyyə Kuboku”, diplomlar, medallar və simvolik hədiyyələrlə təltif olunublar.

Təşkilatçılar bildiriblər ki, turnirin əsas məqsədi Mingəçevirdə futbolun kütləviliyini artırmaq, gənclərin idmana marağını gücləndirmək və şəhərdə sağlam həyat tərzinin təşviqinə töhfə verməkdir.

Esmira Hidayətova, Mingəçevir