Milli Musiqi günündə Üzeyir Hacıbəyli yad olunur

IMG-20250918-WA0023

18 sentyabr Azərbaycan musiqi tarixində xüsusi əhəmiyyət daşıyan gündür. Bu tarix Azərbaycanın dahi bəstəkarı, professional milli musiqi məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə təsadüf edir və ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.

1995-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla, bəstəkarın anadan olmasının 110 illiyi münasibətilə 18 sentyabr tarixi rəsmi şəkildə Milli Musiqi Günü elan edilib. Həmin vaxtdan etibarən hər il bu gün Azərbaycanda geniş şəkildə qeyd olunur, müxtəlif mədəni tədbirlər, konsertlər və layihələr təşkil edilir.

Üzeyir Hacıbəyli yalnız Azərbaycan musiqisinin deyil, ümumilikdə Şərq musiqisinin inkişafında müstəsna xidmətləri olan böyük sənətkardır. Onun “Leyli və Məcnun” operası Şərqdə ilk opera kimi tarixə düşüb. Xalq musiqisi ilə Avropa klassik musiqisini məharətlə sintez edən Hacıbəyli həm də Azərbaycan peşəkar musiqisinin, simfonizminin və musiqi teatrının əsasını qoyub.

Bu il isə xüsusi əlamətdar tarixdir – Azərbaycan musiqisinin dahisi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi, eyni zamanda Milli Musiqi Gününün təsis edilməsinin 30 ili tamam olur. Ölkəmizin bütün bölgələrində və paytaxt Bakıda bu münasibətlə silsilə tədbirlər keçirilir, dahi bəstəkarın zəngin irsi bir daha xatırlanır.

Üzeyir Hacıbəylinin adı və yaratdığı musiqi məktəbi bu gün də Azərbaycan mədəniyyətinin simvolu olaraq yaşayır və gələcək nəsillərə ilham verir.