Anar Eminov: “Azərbaycan–Türkiyə elm və təhsil əlaqələrinin inkişafı qarşılıqlı inam və qardaşlıq üzərində qurulub”

InShot_20251022_195318262

Azərbaycan–Türkiyə elm və təhsil əlaqələrinin daha da gücləndirilməsi məqsədilə Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru, Anar Eminovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib. 4–5 gün davam edən səfər çərçivəsində nümayəndə heyəti bir sıra nüfuzlu ali təhsil müəssisələrində olub, elm, təhsil və innovasiya sahəsində əməkdaşlığa dair bir neçə Anlaşma Memorandumu və Protokol imzalayıb.

Səfərin məqsədi və əldə edilən nəticələrlə bağlı MDU-nun rektoru Anar Eminov Bolge.az-a müsahibə verib.


– Anar müəllim, səfərin əsas məqsədi nədən ibarət idi?

– Bu səfərin başlıca məqsədi Azərbaycan və Türkiyə universitetləri arasında elmi, akademik və innovativ əməkdaşlığı daha da genişləndirmək idi. Qardaş ölkənin ali təhsil müəssisələri ilə əlaqələrin inkişafı həm universitetimizin beynəlxalq tərəfdaşlıq xəritəsini genişləndirir, həm də təhsilimizin keyfiyyətinə müsbət təsir göstərir.


– Hansı universitetlərlə görüşlər keçirildi və nəticələr nələr oldu?

– Səfər zamanı biz bir sıra nüfuzlu universitetlərdə olduq. Dokuz Eylül Universiteti ilə əməkdaşlıq memorandumu, Ege Universiteti ilə elmi tərəfdaşlıq barədə razılaşma imzaladıq.
Bundan başqa, Ankara Hacı Bayram Vəli Universiteti ilə ikili diplom proqramı, Gazi Universiteti ilə “Kompüter mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramı barədə razılaşmalar əldə etdik.
Həmçinin TED Universiteti ilə innovasiya və rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq, OSTİM Texniki Universiteti ilə isə sənaye yönümlü təcrübə və layihələr sahəsində Anlaşma Memorandumu imzalandı.

Bu sənədlərin hər biri iki qardaş ölkənin ali təhsil məkanında bilik və təcrübə mübadiləsinin daha da sürətlənməsinə xidmət edəcək.

– Görüşlərdən və səfərdən hansı təəssüratlarınız qaldı?

– Qardaş ölkədə çox səmimi, isti münasibətlə qarşılandıq. Türkiyəli həmkarlarımızla aparılan danışıqlarda bir daha gördük ki, bizim elm və təhsil əməkdaşlığımız yalnız rəsmi sənədlərlə məhdudlaşmır – bu münasibətlər qardaşlıq, inam və ortaq dəyərlər üzərində qurulub.
Bu səfər bizə həm elmi əlaqələri möhkəmləndirmək, həm də yeni birgə layihələr üçün real zəmnin formalaşdığını görmək imkanı verdi.


– Gələcəkdə bu əlaqələr hansı istiqamətdə davam etdiriləcək?

– Biz artıq konkret iş planı üzərində çalışırıq. Qarşılıqlı professor-müəllim mübadiləsi, tələbə mobilliyi, birgə elmi tədqiqatlar və innovativ startap layihələri bizim prioritet istiqamətlərimizdəndir.
Əminik ki, bu əməkdaşlıq yaxın gələcəkdə hər iki ölkənin təhsil sisteminə, xüsusilə də gənclərin inkişafına mühüm töhfə verəcək.


Sonda rektor Anar Eminov qardaş Türkiyə universitetlərinin rəhbərlərinə göstərdikləri səmimi qəbula və dəstəyə görə təşəkkür edib:

“Biz bir millət, iki dövlət olaraq hər zaman bir-birimizə dayaq olmuşuq. Təhsildə, elmdə, texnologiyada da bu birliyi davam etdirmək bizim borcumuzdur.”

Söhbətləşdi, Esmira Hidayətova