Deputat Ceyhun Məmmədov: “Təhsilin missiyası yalnız bilik vermək deyil, şəxsiyyət formalaşdırmaqdır”
Deputat Ceyhun Məmmədov: “Təhsilin missiyası yalnız bilik vermək deyil, şəxsiyyət formalaşdırmaqdır”
2026-cı il yanvarın 29-da Mingəçevir Dövlət Universitetində (MDU) Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə keçirilən görüşdə Milli Məclisin deputatı Ceyhun Məmmədov iştirak edib.
Deputat çıxışında Mingəçevir Dövlət Universitetinin regionun intellektual və elmi mərkəzi kimi rolunun ildən-ilə artdığını vurğulayıb, gənclərin bilik və bacarıqlarının inkişafı üçün universitetdə yaradılan imkanlardan bəhs edib. O bildirib ki, təhsil yalnız bilik ötürmək deyil, eyni zamanda şəxsiyyət yetişdirmək və sağlam düşüncəli gənclər formalaşdırmaq missiyasını daşıyır.
Ceyhun Məmmədov qeyd edib ki, son illər MDU-da mühüm islahatlar həyata keçirilib:
“Biz bəzən təhsili tənqid edirik, bəzən də müsbət tərəflərini vurğulayırıq. Reallıq isə ondan ibarətdir ki, Azərbaycan təhsili inkişaf edir. Problemlər və çətinliklər var, amma region universitetlərinin inkişafı xüsusi əhəmiyyət daşıyır. Bu gün biz imtahan prosesini izlədik, tələbələrlə söhbət etdik və düşünürəm ki, həm müəllimlər, həm də tələbələr şanslıdırlar. İnsan haqqında xoş fikirləri demək lazımdır. Anar müəllim xeyli işlər görüb və əminəm ki, kollektiv olaraq universitetin daha da irəli getməsinə töhfə verəcəksiniz”.
Deputat MDU-da elektron idarəetmə sisteminin tətbiqini xüsusi nailiyyət kimi dəyərləndirib və qeyd edib ki, paytaxtdakı bəzi ali təhsil müəssisələrində belə bu sistem hələ tam tətbiq olunmayıb.
Görüşdə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri – professor Hikmət Əlizadə, Günay Əkbərova və Pərvanə Məmmədova da çıxış edərək ali təhsildə keyfiyyətin yüksəldilməsi, ictimai nəzarətin rolu, tələbə-müəllim münasibətləri və universitetlərin cəmiyyətlə əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Çıxışlarda MDU-da yaradılan müasir tədris və elmi infrastruktur müsbət qiymətləndirilib.
Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinin son illərdə əldə etdiyi inkişaf və yüksəliş mərhələsi birbaşa olaraq universitetin rektoru Anar Eminovun rəhbərliyi ilə həyata keçirilən sistemli islahatlar, şəffaf idarəetmə və müasir təhsil yanaşması ilə bağlıdır. Məhz bu dövrdə MDU region universitetləri arasında nümunəvi ali təhsil ocaqlarından birinə çevrilib.
Esmira Hidayətova, Mingəçevir