MDU-da Anım Günü – Şəhidlərin xatirəsinə ehtiramla

IMG-20250926-WA0048

Bu gün Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 27 Sentyabr – Anım Gününə həsr olunmuş möhtəşəm tədbir keçirilib.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Mingəçevir şəhər Təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Anar İsmayılov, şəhid ailələri, qazilər, müharibə veteranları, eləcə də universitetin professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyularaq onun əziz xatirəsinə ehtiram göstərilib.

 

Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Çıxışlarda qeyd olunub ki, 27 Sentyabr Azərbaycan tarixində qəhrəmanlıq, birlik və qürur günüdür. Şəhid məzun Kənan Abdullayevin anası Azadə Abdullayeva, Vətən müharibəsi iştirakçısı Rövşən Babayev və digər natiqlər şəhidlərin qanı bahasına yazılan zəfərin Azərbaycan gəncləri üçün əbədi nümunə olduğunu xüsusi vurğulayıblar.

Tədbirin bədii hissəsində MDU müəllim və tələbələrinin ifasında vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, musiqilər ifa olunub, “Əsgərə məktub” adlı səhnəcik nümayiş etdirilib. Tədbirin sonunda isə universitet həyətində şəhid məzunların xatirəsinə həsr edilmiş 6 ağac əkilib.

Bu mərasim bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman övladlarının xatirəsini daim uca tutur və onların yolunu gələcək nəsillərə örnək kimi təqdim edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!