MDU rektoru Anar Eminov: “ODTÜ ilə imzalanan Memorandum Azərbaycan–Türkiyə ali təhsil əməkdaşlığında yeni mərhələnin başlanğıcıdır”

InShot_20251218_133151585

Mingəçevir Dövlət Universiteti ilə Türkiyənin və regionun aparıcı ali təhsil müəssisələrindən biri olan Orta Doğu Teknik Universiteti arasında Anlaşma Memorandumunun imzalanması bizim üçün olduqca əlamətdar və strateji əhəmiyyətə malik hadisədir.

Bu sənəd təkcə iki universitet arasında əməkdaşlığın hüquqi əsasını deyil, eyni zamanda Azərbaycan–Türkiyə qardaşlığının elm və təhsil müstəvisində daha da möhkəmlənməsini ifadə edir.

Ankara şəhərində Orta Doğu Teknik Universitetində keçirilən görüşlər zamanı bir daha əmin olduq ki, müasir dövrdə ali təhsilin qarşısında duran əsas çağırışlar qlobal əməkdaşlıq, elmi potensialın birləşdirilməsi və innovativ yanaşmaların tətbiqi ilə həll oluna bilər.

ODTÜ kimi beynəlxalq nüfuza malik, güclü tədqiqat ənənələrinə sahib bir universitetlə qurulan tərəfdaşlıq Mingəçevir Dövlət Universitetinin inkişaf strategiyası ilə tam uzlaşır.

Son illərdə MDU-da həyata keçirdiyimiz beynəlxalqlaşma siyasətinin əsas məqsədi universitetimizi regional deyil, qlobal akademik mühitin fəal iştirakçısına çevirməkdir.

Bu baxımdan ODTÜ ilə əməkdaşlıq bizim üçün yeni imkanlar açır: birgə elmi-tədqiqat layihələri, akademik nəşrlər, tələbə və müəllim mübadiləsi, ikili elmi rəhbərlik mexanizmləri və ortaq akademik proqramlar universitetimizin elmi və tədris potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək.

Xüsusilə qeyd etmək istərdim ki, Memorandum çərçivəsində 2025–2026-cı tədris ilindən etibarən tələbə mübadiləsinin başlanması gənclərimizin beynəlxalq akademik mühitdə formalaşmasına, yeni bilik və bacarıqlar qazanmasına mühüm töhfə verəcək. Bu, həm də gələcəkdə ortaq elmi məktəblərin və tədqiqat mərkəzlərinin formalaşması üçün möhkəm zəmin yaradır.

İnanıram ki, bu əməkdaşlıq yalnız iki universitet üçün deyil, bütövlükdə Azərbaycan və Türkiyənin ali təhsil sistemləri üçün mühüm faydalar gətirəcək, ortaq elmi dəyərlərin və akademik həmrəyliyin daha da güclənməsinə xidmət edəcək.

Mingəçevir Dövlət Universiteti olaraq biz bu tərəfdaşlığı uzunmüddətli, davamlı və nəticəyönümlü əməkdaşlıq modeli kimi inkişaf etdirməkdə qətiyyətliyik.

Anar Eminov
Mingəçevir Dövlət Universitetinin rektoru